Ev almaq istəyənlərə vacib xəbər: riskli binaların siyahısı açıqlandı
16:37 SosialBakıda ev almaq istəyənlərin çoxu yalnız qiymətə və binanın görkəminə baxır. Amma hər binanın da bir ömrü var. Yəni evin dayanıqlığı, neçə il problemsiz qalacağı çox önəmlidir. Ekspertlər bildirirlər ki, binanın neçə il işlək olacağı tikildiyi dövrə, istifadə olunan materiala və tikinti keyfiyyətinə bağlıdır.
Bəs binaların minimum və maksimum istismar müddəti nə qədərdir?
Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov deyib ki, SSRİ dövründə tikilən binalar 50-70 il müddətinə istismara yararlı hesab olunurdu.
Onun sözlərinə görə, yeni tikili binalar daha uzun ömürlü sayılır:
"Sovet dövründə tikilmiş binaların dözümlülüyü müxtəlif layihələrə görə dəyişir. Beş mərtəbəli "fransız xurşovka", doqquz mərtəbəli "Leninqrad", eksperimental və "Daşkənd" layihəli binalar 50-70 il, bəzi hallarda isə 100 ilə qədər davamiyyətə malik hesab olunurdu. Bunun səbəbi Sovet dövründə istifadə olunan betonun texnoloji keyfiyyətidir. Beton 50 ildən sonra istismar keyfiyyətini itirməyə başlayır, amma bəzi layihələrdə düzgün tikinti və yüksək keyfiyyət sayəsində binaların 70, hətta 100 ilə qədər dözümlülüyü olur".
Ekspert bildirib ki, Sovet dövründə tikinti ciddi nəzarət altında aparılırdı:
"Məsələn, sementin markasından tutmuş armatura qədər hər mərhələyə diqqət yetirilirdi. Bu səbəbdən binaların dözümlülüyü yüksək idi. Hesablamalara görə, müasir tikililər daha uzunömürlü ola bilər, amma burada tikinti keyfiyyəti əsas rol oynayır. Düzgün tikilmiş yeni binalar 120-150 ilədək davamiyyət göstərə bilər. Sovet dövründə panelləşmə sistemi geniş tətbiq olunurdu: mərtəbələr beton tökülərək deyil, hazır panellərdən istifadə edilərək qurulurdu. Bu texnologiya sayəsində binalar daha keyfiyyətli olur və bir neçə ballıq zəlzələyə qarşı dayanıqlığını qoruyurdu. Yeni tikililərdə isə fərqli texnologiyalardan istifadə edilir və düzgün inşa olunduqda daha etibarlı sayılır".
M.Rüstəmov qeyd edib ki, ən qısa ömürlü olanlar Sovet dövründə daşdan tikilmiş, bəzi hissələri betondan olan binalardır:
"Bu tip binalar, məsələn, "fransız xurşovka" və "Minsk" layihələri 50-60 il ömürlə hesablanır. Digər layihələr isə 70 ildən 100 ilə qədər davam edir. Bakıdakı yaşayış binalarının əksəriyyəti məhz Sovet dövründən qalan köhnə binalardır və onlar üstünlük təşkil edir. Həmin zaman binalar zəlzələyə davamlılıq baxımından 7 bal ilə qiymətləndirilirdi. Müasir binalarla bağlı rəsmi məlumat olmasa da, fövqəladə hallara nəzarət mexanizmləri mövcuddur".