Kimlər mülki silah əldə edə bilərlər? - ÖZƏL
13:32 SosialMülki silahların əldə edilməsilə bağlı ayrı-ayrı ölkələrdə fərqli qanunvericilk aktları mövciddir. Bəs, Azərbaycanda kimlər mülki silah əldə edə bilərlər: "Olaylar" DİN-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mülki silah (odlu silah istisna olmaqla) əldə etmək hüququ vardır. Azərbaycan Respublikasında iyirmi bir yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edə bilər. Silahın alınmasına xüsusi icazə verilir. Xüsusi icazəni əldə etmək üçün vətəndaş tərəfindən aşağıdakı sənədlər təqdim olunur:
Ərizə (polis orqanından alınmış blank doldurulur)
Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi;
Sağlamlıq haqqında tibbi arayış;
3x4 sm ölçüdə iki ədəd fotoşəkil.
Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğu və profilaktiki uçotda olub-olmaması yoxlanılır. Dövlət orqanı tərəfindən xüsusi yoxlanılması həyata keçirilən şəxslər barədə belə yoxlamalar aparılmır.
Mülki silahın əldə edilməsinə xüsusi icazə verilməsi üçün vətəndaşın ovçular cəmiyyətinin üzvü olması tələb edilmir.
Əcnəbilər vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini və vətəndaşı olduğu dövlətin səfirliyindən (nümayəndəliyindən) vəsatət məktubu təqdim etməlidir. Bu halda tibbi arayış təqdim edilmir və məhkumluğu yoxlanılmır.
Əcnəbilər xüsusi icazə əsasında əldə etdikləri mülki silahı alındığı vaxtdan 5 gündən gec olmayaraq Azərbaycan Respublikasından aparmalıdırlar. Silahın Azərbaycan Respublikasından aparılma müddəti pozularsa həmin silah müsadirə olunur.
Mülki silahın əldə edilməsinə verilən xüsusi icazənin etibarlılıq müddəti 6 aydır. Xüsusi icazədə aşağıdakı məlumatlar göstərilir: Mülki silahı əldə edən şəxsin soyadı, adı və atasının adı silahın növü, miqdarı, xüsusi icazənin verilmə tarixi və etibarlılıq müddəti.
Ticarət təşkilatı tərəfindən mülki silahın əldə edilməsinə verilən xüsusi icazənin arxa hissəsində satılan silahın markası, kalibri, nömrəsi barədə müvafiq qeydlər aparılaraq, imzalanır və möhürlə təsdiqləndikdən sonra vətəndaşa verilir.
Vətəndaş xüsusi icazə ilə əldə edilmiş odlu ov və ya idman silahını iki həftə ərzində qeydiyyatdan keçirməlidir. Qeydiyyata alınmış silahın sahibinə vətəndaşın odlu və ya idman silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verilir.
Odlu ov və ya idman silahının saxlanılması, təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsi zamanı ilkin qeydiyyata görə şərti maliyyə vahidinin 10 misli məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb olunur.