“MDB-nin mədəniyyət paytaxtı” Laçın şəhərində gənclər düşərgəsi və kino günləri keçirilir

Mədəniyyət Nazirliyi, Azərbaycan Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə avqustun 26-da Laçın şəhərində "MDB ölkələrinin beynəlxalq kino günləri" və "MDB ölkələrinin gənclər düşərgəsi" keçirilir.

Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, layihə 26 avqust - Laçın Şəhəri Gününə həsr olunub. 

Şəhər Günü münasibətilə Azərbaycanın tanınmış incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunacaq.

Gənclər düşərgəsində Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan nümayəndələr iştirak edir.

Düşərgə çərçivəsində iştirakçılar yaradıcı sənaye sahələrində 4 mövzu üzrə işçi qruplarında müzakirələr aparacaq, birgə layihələrin ideyalarını hazırlayıb təqdim edəcəklər. Gənclər qrup şəklində "Pantomim aktyor sənətinin tərkib hissəsi kimi" mövzusunda, eləcə də mobiloqrafiya, rəsm, keramika sahələri üzrə ustad dərslərinə də qatılacaqlar.

İşçi qrupların fəaliyyəti ilə MDB ölkələri gənclərinin əməkdaşlıq və birgə təşəbbüsləri üçün imkanlar yaradılacaq.

Rəssam Yusif Mirzənin "31 il sonra" adlı fərdi sərgisi isə Laçındakı mədəniyyət şöləninə rəng qatacaq.

"MDB ölkələrinin beynəlxalq kino günləri"ndə isə iştirakçı respublikaların hərəsindən bir film nümayiş olunacaq. Filmlər Azərbaycan dilində alt yazı ilə təqdim ediləcək.

Məlum olduğu kimi, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü il oktyabrın 8-də qəbul etdiyi qərara əsasən, Azərbaycan Respublikası Şərqi Zəngəzur iqtisadi rayonunun Laçın şəhəri 2025-ci il üzrə "MDB-nin mədəniyyət paytaxtı" elan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31