Maksimum qənaətcil metodlar tətbiq edilməlidir- ÖZƏL

"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib  ki, ətraf mühitin mübarizəsi, qlobal iqlim fəsadları ilə mübarizə günümüzün əsas tələblərindəndir. Qlobal istiləşmə həyatımıza hər gün öz mənfi təsirini göstərir. Su mənbələrinin quruması, yağıntının azalması şəhər həyatında  problemlər  yaradır. Mənzillərə içməli suyun verilməsində fasilələr yaranır: "Bu problem ölkəmizdə, xüsusən Bakı şəhərində illərdir müşahidə olunur. Su mənbələrinin quruması kənd təsərrüfatına da ciddi təsir göstərir. Bəzən insanlar bu problemin kökünü idarəçilikdə axtarır, suyun ədalətli bölüşdürülmədiyini iddia edirlər. Bəzi yerlərdə onların haqlı olduğu da üzə çıxır. Həqiqətən də hazırki su idarəetməsində  problemlər mövcuddur. Suvarma sistemi daha müasir texnologiyalara əsaslanmalı, maksimum qənaətcil metodlar tətbiq edilməlidir. Amma insanlar bəzən bir nüansı unudurlar ki, Azərbaycanın su ehtiyatları onsuz da azdır. İçməli və suvarma su ehtiyatımızın əsasını təşkil edən çayların əksəriyyəti transərhəd çaylardır. Kür, Araz, Qanıxçay, Samur çayı başqa ölkələrin ərazisində formalaşır. Bizə çatana qədər xeyli su itkisinə məruz qalan bu çaylardan suyun səviyyəsi qlobal isliləşmə nəticəsində xeyli aşağı düşüb.  Bir neçə ilə bundan əvvəl Kür çayında xırda adalar yaranmışdı. Çay Xəzərə gedib çatmırdı. Son illər Kür hövzəsinə düşən yağıntının miqdarı normadan aşağıdır. Çaylarda su səviyyəsinin aşağı düşməsi həm də quraqlıqla bağlıdır. Bu baxımdan hazırda ətraf mühitin mühafizəsi tədbirləri sırasında görülməli əsas iş suya qənaət rejiminin tətbiq edilməsidir. 
Yaşıllıq sahələrinin genişləndirilməsi, meşəsalma, Xəzər sahilinin məişət tullantılarından təmizlənməsi, bərpa olunan enerji resurslarının işlənməsi işləri sürətləndirilməlidir. Çünki bütün bu fəsadları yaradan qlobal istiləşmədir. Qlobal istiləşməni tətikləyən əsas faktor isə atmosferdə karbon emissiyasının miqdarının artmasıdır. İri şəhərlərdə elektriklə işləyən nəqliyyat vasitələrinin sayının artması, tramvay xəttlərinin bərpası, yeni metrostansiyalarının tikilməsi hava kirliliyinin səviyyəsini aşağı salacaq, karbon emissiyasının miqdarını azaldacaq.
Meşə sahələrinin yanğından qorunması, piknik ərazilərinin, çay hövzələrinin təmiz saxlanması da qarşıda duran əsas prioritet vəzifələrdəndir.
Ətraf mühiti çirkləndirənlərə,  ağac kəsənlərə qarşı mübarizə tədbirləri sərtləşdirilməlidir. Lazım gəlsə cərimələr artırılmalıdır. Ancaq buna paralel olaraq ekoloji maarifləndirmə tədbirlərri gücləndirilməli, ekoloji şüurun formalaşdırılması aşağı yaş qruplarından başlanmalıdır. Çünki ekoloji cəhətdən tərbiyə olunmuş insan yetkin yaşa çatdıqda canlı aləmə dost olacaq, təbiətə qəsd etməyəcək. Sahibsiz heyvanlara sağlam münasibətin formalaşdırılması da qarşıda duran vəzifələrdəndir. İnsanlar dərk etməlidir ki, biomüxtəlifliyi qorumaq hər birimizin borcudur. Son zamanlar sahibsiz heyvanlara qayğı göstərən insanların sayı artıb. Lakin hələ də yaşadığı həyətdə sahibsiz it, pişikləri görmək istəməyənlər də var. 100 qram ət yediyi üçün pişiklərin, itlərin əzalarını kəsən qəddar insanlar var. Hesab edirəm ki, onlara qarşı cəza tədbirləri sərtləşdirilməlidir".

İBRAHİM  MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31