İnsanlar elm və təhsilə kifayət qədər maraq göstərmirlər- ÖZƏL
10:36 Sosial"Əhalinin diqqət prioritetləri barədə müşahidələr göstərir ki, insanlar həyatlarının ayrılmaz hissəsi olan təhsil və elm mövzularına kifayət qədər maraq göstərmirlər. Universitetlərdəki yeniliklər, elmi tədqiqatlar, sosial və texnoloji inkişaf barədə verilişlər, məqalələr və sosial şəbəkə paylaşımları cəmiyyət tərəfindən tez-tez yetərincə diqqət görmür. Halbuki bu sahələr insanların intellektual inkişafını, peşəkar imkanlarını və cəmiyyətin ümumi tərəqqisini birbaşa müəyyənləşdirir". Olaylar xəbər verir ki, bunu iqtisadçı alim Zahid Məmmədov deyib:
"Əvəzində, bəzi hallarda ictimaiyyət sensasiya və qalmaqallara daha çox maraq göstərir. Sosial şəbəkələrdə kriminal və mənəvi dəyərləri sarsıdan hadisələr haqqında paylaşımlar geniş izləyici kütləsi cəlb edir. Bu isə cəmiyyətin diqqətini gələcək üçün daha vacib olan mövzulardan yayındıra bilər.
Belə bir tendensiya həm ictimaiyyətin prioritetlərinin formalaşmasında, həm də gənc nəsillərin rol modellərinə münasibətində müəyyən çətinliklər yaradır. Buna görə də, təhsil və elmin əhəmiyyətini düzgün şəkildə təqdim etmək, insanların diqqətini və marağını bu sahələrə yönəltmək vacibdir. Cəmiyyət yalnız intellektual və etik dəyərlərə diqqət yetirdikdə, həm fərdi, həm də kollektiv inkişaf davamlı və dayanıqlı ola bilər".