Xüsusi icra məmurları hansı statusa malik olacaqlar- ÖZƏL

Azərbaycanda xüsusi icra məmurları institutu yaradılır. Bununla bağlı Prezident İlham Əliyev tərəfindən "Xüsusi icra məmurları haqqında" Qanun təsdiq edilib. Maraqlıdır, belə bir institutun yaradılması ölkəmizə nə vəd edir? Olaylar Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, ölkəmizdə məhkəmə qərarlarının icrasının daha çevik və səmərəli həyata keçirilməsi məqsədilə xüsusi icra məmurları institutu yaradılır. Bununla əlaqədar təsdiq edilən Qanuna əsasən, ölkəmizdə icranın qarışıq modelinə keçid planlaşdırılır. Bu modelə görə məhkəmə və digər orqanların qərarlarının icrası həm dövlət, həm də xüsusi icra məmurları tərəfindən həyata keçiriləcək.
Qanuna əsasən xüsusi icra məmurları məcburi icra orqanı statusuna malik olacaqlar. Ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları xüsusi icra məmurları ola bilərlər.
Xüsusi icra məmuru işləmək istəyən şəxslər test və müsahibədən ibarət olan müsabiqədən keçməklə ən azı 3 aylıq ilkin icbari hazırlığa və staj keçməyə cəlb olunacaqlar. Bundan sonra şəhadətnamə və xidməti vəsiqə veriləcək və onlar and içərək vəzifələrinin icrasına başlayacaqlar.
Xüsusi icra institutunun tətbiqinə başlanılması məqsədilə xüsusi icra məmurlarının şəhadətləndirilməsi, icbari təlimi və fəaliyyəti üçün zəruri olan hüquqi aktlar hazırlanmalı, eyni zamanda bu sahədə institusional işlər aparılmalıdır. Bu səbəbdən xüsusi icra institutunun 2026-cı ildən tətbiqi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31