AHİK-dən məcburi üzvlük və göndərişlərin imtinası ilə bağlı RƏSMİ AÇIQLAMA
13 Avqust 11:41 Sosial"AHİK fərdi üzvlük əsasında və könüllülük əsasında formalaşan ictimai təşkilatdır. Məcburi üzvlükdən söhbət gedə bilməz".
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat konfransında sədrin müşaviri Nuranə İbadova səsləndirib.
O bildirib ki, AHİK-ə üzvlüklə bağlı müraciətlərin sayı çoxalır: "Məcburi üzvlüklə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq, AHİK-ə müraciət edildikdən sonra həmin şəxs üzvlükdən çıxarıla bilər".
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri Elkiyar Ziyadov isə deyib ki, müalicə yollayışlarında yalnız həyat yoldaşı ailə üzvü hesab olunur.
Onun sözlərinə görə, müalicə yollayışının qiyməti hər müraciət edən şəxs üçün ayrı hesab olunur:
"Müraciət edən şəxs 15 faiz dəyərini ödəyir. Həyat yoldaşı isə əmək pensiyaçısı, sosial sığorta ödəyicisi və ya həmkarlar ittifaqı üzvü olduğu halda 15%, bu üç şərtdən heç birini ödəmədiyi halda isə 50% ödəyir".
"İstirahət yollayışlarında həyat yoldaşı və 18 yaşa qədər övladlar, 18-23 yaş arası subay və işləməyən tələbələr ailə üzvü hesab oluna bilərlər. Bu halda yollayışın ümumi dəyərinin 15%-i ailə tərəfindən ödənilir", - sədr müşaviri əlavə edib.
Elkiyar Ziyadov onlayn müraciətlərlə bağlı göndərişlərə hansı səbəbdən imtina cavabı gəlməsi haqda danışıb.
Müşavir bildirib ki, göndərişlərə imtina cavabının verilməsinin əsas səbəbi müraciət edən şəxslərin özləri haqda məlumatları tam və dolğun yerləşdirməmələridir: "Müraciət olunan göndərişlər nəzərdən keçirilərkən məlumatı tam və düzgün yerləşdirməyən şəxslərə imtina cavabı göndərilir".