Rəşad Məcid media orqanlarına ÇAĞIRIŞ ETDİ: "Bəziləri gündəmi dəyişməyə çalışır"

"Report" İnformasiya Agentliyinin müxbiri Vüsalə Abbasovanın ABŞ Prezidenti Donald Trampa sualı ətrafında yaranan söz-söhbətlər üzücüdür".

Olaylar.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bunu öz "Facebook" hesabında yazıb.

O, hesab edir ki, bu günlərdə baş verən hadisələrin, Vaşinqtonda paytaxtında imzalanan və Azərbaycan adına böyük uğur olan sənədlərin fonunda belə bir durumun müşahidə edilməsi yolverilməzdir, tarixi proseslərin böyüklük miqyasına adekvat deyil:

"Görünür, bəziləri Vaşinqtonda imzalanmış sənədlər ətrafında müzakirə aparmaqdansa, ölkəmizin böyük uğurundan söz açmaqdansa, diqqəti tamam başqa səmtə yönəltməyə, əslində isə ictimaiyyəti başlıca mahiyyətdən uzaq tutmağa, gündəmi dəyişməyə, daha doğrusu, fərqli gündəm formalaşdırmağa çalışırlar. 

Azərbaycan Mətbuat Şurası olaraq tövsiyə edirik ki, media orqanlarımız, jurnalistlərimiz həmin hadisələr müstəvisindəki hansısa xırda məsələlərə köklənib intriqa yaratmaqdan çəkinsinlər, ölkəmizin adı ilə bağlı ciddi reallıqlara nəzər salsınlar. Hesab edirəm ki, indiki məqamda bu, təkcə peşə borcunu yerinə yetirmək yox, eyni zamanda, hər bir qələm sahibinin özünün özünə verdiyi qiymətdir".

R.Məcid Azərbaycan jurnalistikasında həmişə həmkar təəssübkeşliyi olduğunu bildirib:

"Gəlin, bir-birimizə təəssüb hissi ilə yanaşaq ki, sonradan təəssüflənməyək". (TodayPress TV)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31