Bir neçə yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb (FOTO/VİDEO)
12:30 SosialFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti bu çərçivədə Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən kağız məhsullarının istehsalı və avtomobil yağlarının qablaşdırılması sexlərində, eləcə də dam örtükləri anbarında yoxlama keçirilib.
Bildirilib ki, yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki;
- obyektlərdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;
- obyektlər yanğına qarşı sistem və qurğularla təmin edilməyib;
- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib;
- elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib;
- obyektlərdə izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur;
- obyektlər ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;
- obyektlərdə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlardan istifadə olunur;
- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;
- obyektlərin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş sexlərinin və anbarın fəaliyyətlərinin dayandırılması barədə Qərarlar qəbul olunub və Qərarların bir nüsxəsi obyektlərin nümayəndələrinə təqdim edilib", - deyə məlumatda qeyd edilib.