Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı layihədə işləri sürətləndirmək və aidiyyəti qurumlarla birgə əlaqələrin təşkili məqsədilə İşçi qrupunun növbəti onlayn iclası keçirilib.
Olaylar xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.
İşçi qrupun rəhbəri Rafiq Aslanov 1958-ci ildə istismara verilmiş, uzunluğu 172,4 km, normal su sərfi 113 m³/san olan Qarabağ suvarma kanalının mövcud vəziyyəti və onun yenidən qurulmasının xüsusi əhəmiyyətlərindən danışıb. Bildirib ki, başlanğıcını Mingəçevir su anbarından götürən Qarabağ suvarma kanalı 1 şəhər və 8 rayonun (Mingəçevir şəhəri, Yevlax, Goranboy, Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan və İmişli rayonları) 115 min hektara yaxın əkin sahələrinin suvarılmasını təmin edir. Kanalda yay aylarında Araz çayındakı su çatışmazlığının aradan qaldırması məqsədilə 25-30 m³/san suyun Bəhramtəpə hidroqovşağına ötürüldüyü, bununla da İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarının da əkin sahələrinin su təminatının yaxşılaşdırıldığı qeyd olunub.
Eyni zamanda, o qeyd edib ki, kanalın suyundan İstilik Elektrik Stansiyasının aqreqatlarının soyudulması məqsədi ilə də istifadə edilir. Diqqətə çatdırılıb ki, 1955-ci ildə kanalın bu gün xidmət etdiyi ərazilərdə qrunt suyunun dərinliyi 10-15 metr olub, lakin torpaq məcralı Qarabağ kanalı tikilərək istismara verildikdən sonra kanaldan sızan sular hesabına həmin ərazilərdə qrunt suyunun yatım dərinliyi 1-1,5 m qədər yer səthinə qədər qalxıb, bu da ərazilərin şorlaşmasına və kənd təsərrüfatı sahəsində məhsuldarlığın aşağı düşməsinə səbəb olmuşdur. Bunun qarşısını almaq üçün sonrakı dövrlərdə həmin ərazilərin qrunt sularının yatım dərinliyinin aşağı salınması və təkrar şorlaşmasının qarşısının alınması məqsədi ilə kollektor-drenaj şəbəkəsnin tikildiyi bildirilib.
Daha sonra, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyininin Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu tərəfindən "Qarabağ suvarma kanalının yenidən qurulması" layihəsi ilə bağlı nəzərdə tutulan alternativlərin təqdimatı keçirilərək, layihənin texniki-iqtisadi göstəriciləri haqqında iclas iştirakçılarına ətraflı məlumat verilib.
İclasın sonunda, iştirakçlılar tərəfindən səsləndirlən rəy və təkliflər nəzərə alınmaqla, Qarabağ suvarma kanalının texniki-iqtisadi əsaslandırmasının daha dolğun işlənməsi qərara alınıb.
Xatırladaq ki, Qarabağ zonası və ona yaxın ərazilərdə su təchizatı infrastrukturunun müasirləşdirilməsi, su itkilərinin azaldılması və meliorasiya olunmuş torpaq sahələrinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında" 15 aprel 2024-cü il tarixli 85 nömrəli Sərəncam imzalanıb..
Sərəncamla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə Qarabağ suvarma kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı müvafiq tədbirlərin görülməsi, mərkəzi icra hakimiyyəti orqanlarına və icra hakimiyyətlərinə, həmçinin digər aidiyyəti dövlət orqanlarına (qurumlarına) isə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanmasından irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb.