Rasim Balayevin səfirə müraciəti - o qızı necə qurtaraq?

Xalq artisti: "Fikrimcə, biz kömək üçün doğru instansiyaya üz tutmamışıq"

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin mərhum aktyorumuz Ceyhun Mirzəyevin qızı ilə bağlı müraciətini cavabsız qoyub. Bu barədə Qaynarinfo-ya ittifaqın katibi Əli İsa Cabbarov məlumat verib.

Onun sözlərinə görə, aktyorun qızı Cəmalə Mirzəyevanın Rusiyada küçələrdə yaşaması və onun qısa zamanda tapılması istiqamətində ittifaqın etdiyi müraciətə səfirlikdən rəsmi cavab verilməyib.

Xatırladaq ki, bir müddət öncə "Ögey ana" və "Fəryad" kimi məşhur filmlərdə rol almış mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın Moskvada küçədə yaşadığını əks etdirən video yayımlanıb. Həmin videoya baxan sənət adamları, xüsusən də Ceyhun Mirzəyevin yaxın dostları mətbuata açıqlamalarında problemi diqqətdə saxlayacaqlarını bildiriblər.

Ceyhun Mirzəyevin yeganə qızı Moskvada küçədə yaşayır - VİDEO -  Globalinfo.az

Onlar Cəmalə Mirzəyevanın tapılması istiqamətində Mədəniyyət Nazirliyinə də müraciət edəcəklərini vurğulayıblar. Aktyorun həyat yoldaşı Lidiya Mirzəyeva isə 2015-ci ildə dünyasını dəyişib.

Rasim Balayev bu ilin mayında "Yeni Müsavat"a bildirmişdi ki, Cəmalə Mirzəyeva olduqca istedadlı bir qız olub: "Mən Ceyhun Mirzəyevlə bir neçə filmdə iştirak etmişəm, üstəlik, yaxın olmuşuq. Onun həyat yoldaşı Lidiya xanım Bakı şəhərində prokuror idi. Ceyhun rəhmətə getdikdən sonra nəsə bir qərar verildi ki, qızını da götürüb Rusiyada qohumlarının yanına köçsün. Qızı isə bildiyim qədərilə şairə idi, şeirlər yazırdı. İndi anasının vəfatından sonra orada nə baş verib, nə olub, mülkü və var-dövləti niyə əlindən alınıb, bu barədə məlumatım yoxdur".

Xalq artisti demişdi ki, Rusiyada o qədər imkanlı adamlarımız var, onlara desələr ki, bu qıza ev alınsın, kömək edilsin, məncə, yardım göstərilər. 

Məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi bəyanat yayıb. Bəyanatda bildirilir ki, bu məsələnin təfərrüatlarını dəqiqləşdirmək üçün səfirlik operativ şəkildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevlə əlaqə saxlayıb. Telefon danışığı zamanı qeyd olunub ki, bu məsələ ilə əlaqədar Azərbaycanın səlahiyyətli orqanlarından səfirliyə heç bir rəsmi müraciət daxil olmayıb.

Eyni zamanda vəziyyətin ictimai əhəmiyyətini və Azərbaycan ziyalılarının nümayəndələrinin narahatlığını nəzərə alan səfirlik C.Mirzəyevanın taleyinin aydınlaşdırılmasına köməklik göstərilməsi xahişi ilə Azərbaycanın Xarici İşlər Nazirliyinə və digər səlahiyyətli orqanlarına rəsmi sorğular göndərməyi R.Balayevə tövsiyə edib.

Səfirlik onu da vurğulayıb ki, C.Mirzəyevanın Rusiya Federasiyasında mümkün vətəndaşlığı nəzərə alınaraq, məsələ Azərbaycanla Rusiya arasında ikitərəfli müqavilə və konvensiyaların müddəalarına uyğun həll edilməlidir.

Bəs Ceyhun Mirzəyevin yadigarını necə xilas etmək olar?

Rasim Balayev Kimdir?1948, filmləri, aldığı mükafatlar.

Rasim Balayev

Xalq artisti Rasim Balayev "Yeni Müsavat"a danışıb. Xalq artisti qeyd edib ki, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev məsələ ilə bağlı ona zəng edib: "Səfir bildirdi ki, Cəmalə Mirzəyeva Rusiya Federasiyasının vətəndaşıdır və bu səbəbdən Azərbaycanın səfirliyi ona hüquqi və ya praktiki yardım göstərə bilməz. Məlum olduğu kimi, Cəmalə Mirzəyeva anası Lidiya Qriqoryevna ilə birlikdə uzun illər əvvəl Rusiyaya köçüb və oranın vətəndaşlığını qəbul edib. Bu səbəbdən Azərbaycan tərəfinin hər hansı rəsmi müdaxilə imkanı yoxdur.

Təsəvvür edin, əgər səfirlik hansısa azərbaycanlıya kömək edə bilmirsə, bizim də eyni vəziyyətdə əlimiz bağlıdır. Fikrimcə, biz kömək üçün doğru instansiyaya üz tutmamışıq, ehtimal ki, Azərbaycan diaspor təşkilatlarına müraciət etmək daha məqsədəuyğun olardı. Belə hallarda yalnız diaspor qurumları nəsə edə bilər.

Cəmalənin vəziyyətinə gəlincə, daha əvvəl də qeyd etdiyim kimi, anası Lidiya Qriqoryevna qızı ilə birlikdə Rusiyaya köçmüşdü. Onlar Bakıda olan evlərini sataraq, Rusiyada yeni mənzil almışdılar. Bildiyim qədər Lidiya xanım 2015-ci ildə vəfat edib. Bundan sonra kimsə Cəmaləyə evlənəcəyi vədi verərək onun evini satdırıb. Qısa müddət birgə yaşadıqdan sonra həmin şəxs Cəmaləni zərərli vərdişlərə alışdırıb və tərk edib. Nəticədə Cəmalə küçələrdə qalıb".

Məsələ ilə bağlı "Yeni Müsavat" olaraq Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Lakin hələlik sorğumuza cavab verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31