Evdə interneti zəif olanlar bunları edin - Ekspertdən açıqlama
31 İyul 14:18 Sosialİstifadəçilərin böyük əksəriyyəti TP-Link, Nokia, Huawei və ZTE markalı modemlərə üstünlük verir. Bu cihazlar əsasən provayderlər tərəfindən təklif edilir və bazarda əlçatanlıq baxımından populyardır.
Bunu Milli.Az-a açıqlamasında texno-ekspert İlqar Şabanov Azərbaycanda geniş istifadə olunan modem modelləri və onların fərqləri barədə deyib.
Onun sözlərinə görə, anten sayı və siqnal gücü nəzərə alınmalıdır:
"Modem alarkən ilk növbədə istifadəçinin texniki ehtiyacları nəzərə alınmalıdır. Evdə çoxlu cihaz varsa və yüksək sürətli bağlantıya ehtiyac duyulursa, Wi-Fi 6 texnologiyasını (802.11ax) dəstəkləyən modellərə üstünlük verilməlidir".
İ.Şabanovun sözlərinə görə, dual-band (2.4GHz və 5GHz) texnologiyasını dəstəkləyən modellər həm daha geniş əhatə dairəsi, həm də daha stabil internet bağlantısı təqdim edir. Bununla yanaşı, anten sayı və siqnal gücü də nəzərə alınmalıdır:
"2-4 antenli modellər geniş evlər və açıq məkanlarda daha effektivdir".
Ekspert əlavə edib ki, siqnal zəif olan evlərdə və ya ofislərdə Mesh texnologiyasını dəstəkləyən modemlər və repeaterlər (gücləndiricilər) istifadə edilməlidir:
"Mesh sistemləri siqnalın evin hər yerində bərabər paylanmasına kömək edir".
İlqar Şabanov həmçinin modem markaları arasında performans fərqlərinə də toxunub:
TP-Link - geniş model seçimi və istifadəçi dostu interfeysi ilə seçilir.
Huawei - həm mobil, həm də fiber internet üçün effektivdir.
ZTE və Nokia - daha çox provayderlər tərəfindən təklif olunur və bazarda sabit performansla tanınır.
"Ən önəmlisi isə odur ki, modem seçimi internetin keyfiyyətinə birbaşa təsir göstərir. Bu, yalnız texniki məsələ deyil, həm də gündəlik həyatımızın sürətini müəyyənləşdirən faktordur". - deyə ekspert fikrini yekunlaşdırıb.