Ekspert: Kariyes öpüş vasitəsilə yoluxa bilər - ÖZƏL

Kariyes insandan insana öpüş və ya ortaq istifadə olunan qida qabları vasitəsilə keçə bilər. Olaylar.az xəbər verir ki, bu barədə rusiyalı stomatoloq Zalim Kudayev "Lenta.ru"ya verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, kariyesə səbəb olan bakteriyalar tüpürcək yolu ilə ötürülür. Bu xəstəlik diş minasını və dentini zədələyərək ciddi ağız problemlərinə yol aça bilər.
Kudayev "Caries Research" jurnalında dərc olunmuş araşdırmaya istinad edərək bildirib ki, xüsusilə yeni münasibətə başlayan cütlüklər arasında öpüş zamanı bakteriyaların ötürülməsi ehtimalı daha yüksəkdir. Uzun müddətdir bir yerdə yaşayan insanlarda isə tüpürcək tərkibi bir-birinə bənzədiyindən yeni bakteriya ştammlarının ötürülmə riski azalır.
Ekspert vurğulayıb ki, ən böyük risk 3 yaşına qədər uşaqlarda müşahidə olunur. Bu yaşda immun sistemi tam formalaşmadığı üçün kariyesə yoluxma ehtimalı artır. Adətən infeksiyanın mənbəyi ana olur.
Kudayev kariyesin inkişafına bir çox amillərin təsir etdiyini qeyd edib: genetika, immunitet, ağız gigiyenası və qidalanma. Bakteriyanın mövcudluğu mütləq şəkildə xəstəliyin yaranacağı anlamına gəlmir.
O, öpüş vasitəsilə yoluxma riskini artıran fərdi amillər kimi mövcud kariyesin olması, diş daşları, diş ətində iltihab, ağız quruluğu, immun çatışmazlığı və zəif ağız gigiyenasını göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31