Toyda müğənniyə pul səpələmək parazitliyin göstəricisidir- ÖZƏL
13:05 Sosial"Müasir cəmiyyətdə toy mərasimləri ənənəvi və mədəni dəyərlərin qorunub saxlanılması ilə yanaşı, həm də sosial münasibətlərin və davranış formalarının ifadə olunduğu platformalardır. Bu mərasimlərdə iştirak edən hər bir fərdin davranışı, ümumi ictimai əxlaq və mədəni norma çərçivəsində qiymətləndirilməlidir. Lakin son illərdə, xüsusilə bəzi toylarda müğənniyə pul səpələmə praktikası sosial-mədəni baxımdan ciddi narahatlıq doğuran, hətta bəzi hallarda ziddiyyətli qiymətləndirilən bir davranış formasına çevrilmişdir". "Olaylar" xəbər verir ki, bunu İqtisad Elmləri Doktoru, Professor Zahid Məmmədov deyib: "Gürcüstanda azərbaycanlı toyunda müğənninin başı ətrafında pul səpələnməsi kimi hallar bu fenomenin təhlükəli olduğunu göstərir. Bu davranış "parazit həyat tərzi"nin təzahürüdür. İnsanların böyük kütləsi qarşısında səpələnən pullar isə təkcə iqtisadi resursların israfı deyil, həm də etik baxımdan narahatedici haldır. Toy kimi mərasimlərdə pulun səpələnməsi maddi resursların səmərəsiz istifadəsi ilə yanaşı, sosial ədalətsizliyi də artırır, xüsusilə kiçik gəlirli ailələr üçün bu, əlavə təzyiq mənbəyi ola bilər.
Ənənəvi Azərbaycan mədəniyyətində qonaqpərvərlik, hörmət və təvazökarlıq yüksək qiymətləndirilir. Müğənniyə səpələnən pul, əslində, insan ləyaqətinə hörmətsizlik kimi dəyərləndirilə bilər və ictimai münasibətlərin pozulmasına səbəb ola bilər.
Parazit həyat tərzinin təşviqi-bu cür davranışlar bəzən ictimaiyyət tərəfindən müğənnilərin və digər sənətkarların zəhmətinin deyil, sadəcə pulun nümayişinin təzahürü kimi qəbul olunur. Bu isə uzunmüddətli perspektivdə əmək və yaradıcı fəaliyyətə olan, özəlliklə elm adamlarına hörməti azaldır və parazit həyat tərzinin yayılmasına zəmin yaradır.
Xüsusilə xaricdə yaşayan azərbaycanlılar üçün belə davranışlar öz mədəniyyətlərinin yanlış təmsil olunmasına, stereotiplərin möhkəmlənməsinə səbəb ola bilər. Mədəniyyətimizin zənginliyini və dəyərini ön plana çıxarmaq əvəzinə, bəzi neqativ təsvirlərin yayılmasına gətirib çıxarır.
İctimai dəyərlərimizə və milli adətlərimizə hörmətlə yanaşın!!!!!! Ənənə və dəyərlərin zəifləməsi insanların maddi sərvətə qarşı məsuliyyətsiz münasibətini artırır, bu isə cəmiyyətdə sosial problemlərin dərinləşməsinə səbəb ola bilər".