7000 manatlıq bağçalar: Məktəbəqədər təhsil istismara çevrilir? - ÖZƏL
16:22 SosialMilli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsində deputat Siyavuş Novruzov məktəbəqədər təhsilin baha olduğunu bildirib. O, aylıq 7000 manat tələb edən özəl mərkəzləri tənqid edib və münasib qiymətli hazırlıq mərkəzlərinin yaradılmasını təklif edib.
Maraqlıdır, yüksək qiymətli özəl bağçalar qarşısında dövlət hansı tənzimləyici addımlar ata bilər?
Mövzu ilə bağlı təhsil eskperti Elçin Əfəndi Olaylar.az-a açıqlama verib. Ekspert bildirib ki, 7000 manatlıq ödəniş utopik səslənir və bu, artıq real təhsildən çox, istismara bənzəyir:
"Təhsil haqqında qanunda ediləcək dəyişikliklərlə bağlı müzakirə vacibdir, düşünürəm ki, artıq bu dəyişikliklər tam şəkildə qərarlaşdırılmalı və qanunvericilikdə öz əksini tapmalıdır. Belə ki, bu sahədə hər hansı problem və ya sual yarandıqda, istinad ediləcək dəqiq və tam qanunvericilik bazası olmalıdır.
Hazırda Siyavuş Novruzovun da qeyd etdiyi kimi, bəzi özəl müəssisələr var ki, xüsusilə məktəbəqədər hazırlıq istiqamətində çox yüksək ödənişlər tələb edirlər. Aylıq 7000 manat tələb edən müəssisələrdən söz gedir. Belə bir müəssisənin bu qədər pul tələb etməsi, məncə, bir qədər utopik səslənir.
Doğrudan da belə bir müəssisə varsa, bu artıq konkret olaraq istismara çevrilir. Çünki bu, məktəbəqədər təhsildir - burada uşaqlara təhsil verilir, yeri gələndə yatır, qidalanır. Amma ayda 7000 manat bu xidmətlər üçün olduqca yüksək və həddindən artıq bir məbləğdir. Məsələn, 700 manat olsa, bu artıq müəyyən qədər anlaşılan bir məbləğdir. Amma 7000 manat çoxdur.
Qaldı ki, məktəbəqədər təhsilin keyfiyyəti - bu, dövlət olaraq bizim üçün prioritet istiqamətlərdən biridir. Məktəbəqədər təhsilin inkişaf etdirilməsi təhsil siyasətimizin əsas istiqamətlərindən biri olmaqla yanaşı, eyni zamanda gələcəkdə bu yaş qrupuna aid uşaqların təhsilə və elmə marağının artırılmasına da bir növ zəmin yaradır.
Hazırda bu istiqamətdə xeyli işlər görülür, müxtəlif layihələr həyata keçirilir. Bildiyiniz kimi, son 3-4 ildir ki, məktəbəqədər təhsil artıq Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir. Əvvəllər bu məsələ yerli icra hakimiyyətlərinin nəzarətində idi və bu da bir sıra problemlərə səbəb olmuşdu.
İndi isə nazirliyin nəzarətindədir və istər müasir məktəbəqədər təhsil müəssisələrinin yaradılması, istərsə də mövcud müəssisələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər artıq müəyyən qanunvericilik çərçivəsində həyata keçirilir.
Hətta bu sahədə əlçatanlığı artırmaq üçün belə bir mexanizm var: əgər müəyyən ərazidə dövlət məktəbəqədər təhsil müəssisəsi yoxdursa, uşağın özəl müəssisədə təhsil almasına şərait yaradılır. Həmin müəssisədə ödəniş məsələsi isə belə tənzimlənir - məsələn, aylıq 300 manat ödəniş varsa, bunun 50%-ni dövlət qarşılayır. Yaxud illik ödəniş 3000 manatdırsa, yenə də 50%-i dövlət tərəfindən qarşılanır ki, uşaqlar təhsildən kənarda qalmasın. Bu cür addımlar həm təhsilin keyfiyyəti baxımından, həm də əlçatanlıq baxımından vəziyyəti daha da yaxşılaşdıracaq. Qaldı ki, yüksək qiymətli özəl müəssisələrin fəaliyyəti məsələsinə - burada dövlət müəyyən mövqe ortaya qoymalıdır. Düşünürəm ki, qanunvericilikdə müvafiq dəyişikliklər edildikdən sonra, bu cür müəssisələrin fəaliyyəti mütəmadi olaraq yoxlanmalı, əgər şişirdilmiş qiymətlər qarşılığında adekvat xidmət göstərilmirsə, həmin müəssisələrin fəaliyyəti ilə bağlı tədbir görülməlidir.
Bu da növbəti mərhələ olacaq - qanunvericilikdə dəyişikliklər baş verdikdən sonra həmin qurumların konkret standartları müəyyənləşdirilməli və bu standartlara uyğun olmayan müəssisələrlə bağlı müvafiq tədbirlər görülməlidir".
Zeynəb Mustafazadə