Özdemir Tokel: “Media, qardaşlığın səsi olmalıdır”

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstelin Azərbaycan səfəri çərçivəsində Bakıda olan Bayraq Radio Televiziya Qurumu (BRTK) İdarə Heyətinin sədri cənab Özdemir Tokel, Azərbaycanın aparıcı media qurumlarına nəzakət ziyarətləri həyata keçirib.

Bakutel TV, Telegraf Agentliyi və ARB Media Qrupu kimi ölkənin tanınmış media orqanlarında keçirilən görüşlərdə iki qardaş ölkə arasında media əməkdaşlığını gücləndirməyə yönəlik atıla biləcək konkret addımlar müzakirə olunub. Görüşlər zamanı ortaq yayım layihələri, qarşılıqlı kontent mübadiləsi və media sahəsində inkişaf etdiriləcək yeni əməkdaşlıq mexanizmləri gündəmə gətirilib.

Ziyarətdən sonra açıqlama verən Özdemir Tokel, media əməkdaşlığının yalnız qurumlar arasında deyil, xalqlar arasında da bağların möhkəmlənməsinə xidmət etdiyini vurğulayaraq bunları bildirib:

"Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasındakı münasibətlər sürətlə inkişaf edir. Lakin media sahəsi bu inkişafın bir qədər gerisində qalmışdı. Buna görə də mədəni və ictimai bağlarımızı daha da gücləndirmək, xalqlarımızı bir-birinə yaxınlaşdırmaq baxımından media ən strateji vasitələrdən biridir. Atdığımız bu addım səmimi və davamlı bir başlanğıc xarakteri daşıyır."

Tokel eyni zamanda ŞKTC Baş naziri cənab Ünal Üstelin və Kipr Türk xalqının gördüyü diqqət və yaxın münasibətə görə Azərbaycan mediasına təşəkkür edərək belə deyib:

"Hörmətli Baş nazirimizə və Şimali Kipr Türk xalqına göstərdiyiniz isti münasibət bizim üçün son dərəcə qiymətlidir. Bu səmimi diqqət qardaşlığımızın media vasitəsilə daha da görünən hala gəlməsinə mühüm töhfə verir."

Tokel həmçinin qeyd edib ki, AzTV, AZƏRTAC, İTV, Bakı TV və Telegraf Agentliyi tərəfindən keçirilən xüsusi müsahibələr sayəsində Baş nazir Ünal Üstelin Kipr Türk xalqının haqlı mübarizəsini, Şərqi Aralıq dənizindəki strateji baxışını və ŞKTC-nin Türk dünyasındakı mövqeyini Azərbaycan ictimaiyyətinə və beynəlxalq auditoriyaya çatdırmaq imkanı yaranıb:

"Bu yayımlar iki qardaş xalq arasında könül körpülərinin media vasitəsilə daha da möhkəmlənməsinə önəmli töhfələr verir."

Ziyarətlərin sonunda tərəflər media diplomatiyasını institusional səviyyəyə qaldırmaq və davamlı əməkdaşlıqları inkişaf etdirmək istiqamətində qarşılıqlı iradə nümayiş etdiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31