Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edir!
11:41 SosialMüsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.
Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir.
Müsabiqəyə təqdim edilən materiallar:
Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:
- ən yaxşı reportaj;
- ən yaxşı ictimai-siyasi təhlil;
- ən yaxşı sosial-iqtisadi təhlil;
- ən yaxşı müsahibə;
- ən yaxşı mədəniyyət materialı;
- ən yaxşı köşə yazısı;
- ən yaxşı jurnalist araşdırması;
- ən yaxşı oçerk.
Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində audiovizual media subyektində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:
- ən yaxşı ictimai-siyasi reportaj;
- ən yaxşı sosial-iqtisadi reportaj;
- ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj.
Materialların qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 (üç) müstəqil ekspert tərəfindən həyata keçirilir.
Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 5 (beş) jurnalist və 5 (beş) operator qalib elan edilir və mükafatlandırılır.
Müsabiqəyə müraciət qəbulu 25 iyun 2025-ci il 18:00 tarixinədək davam edəcəkdir.
MEDİA - fərdi jurnalist müsabiqəsinin keçirilməsi qaydaları ilə buradan tanış ola bilərsiniz.