Əli Dədənin nəfəsi ilə yaşayan rəqslər
14:59 SosialRauf Bəhmənlinin "Ustad Əli Dədənin rəqs melodiyaları" kitabı haqqında
Azərbaycan musiqi mədəniyyətinin yaddaşında iz qoyan ustadlar olur - zaman onların adını unuda, unutdura bilir bəlkə amma səsi, nəfəsi, melodiyası yaşayır. Bu səs - bəzən balabanın kövrək naləsində, bəzən zurnanın qürurlu nidasında, bəzən də ulusun öz könlündə daşıdığı bir ritmdə yaşamağa davam edir.
Rauf Bəhmənlinin "Ustad Əli Dədənin rəqs melodiyaları" adlı monoqrafiyası məhz belə bir yaddaşı oyadır - ulusun içindən çıxan, ulusun özü qədər saf, özü qədər yanğılı Əli Kərimovun yaradıcılığını. Bu tədqiqat bir kitabdan daha artıqdır - o, sanki bir ulusun musiqi yaddaşına sayğı duruşu dərəcəsini nümayiş etdirir. Kitabda yer alan 57 rəqs melodiyasının nota alınması, onların musiqi köklərinin, ifaçılıq gələnəklərinin, hətta bəzi havaların ermənilər tərəfindən saxtalaşdırılaraq mənimsənilməsi faktlarının ifşası ciddi elmi və ideoloji önəm daşıyır.
Ustad Əli Dədə - Şirvanın musiqi nəfəsini, dağların səsini, ulusun toy şövqünü öz nəfəs alətləri ilə tarixə hopduran bir sənətkar olub. Onun "Heyva gülü", "Alça gülü", "Bənövşə", "Qəhrəmanı", "Hicazi" və digər melodiyaları xalqın ruhuna hopmuş dəyərlər dəyərindədir. Bu havalar təkcə ritmik parçalar olmayıb - bir yaşam tərzinin, bir estetik dünyagörüşünün musiqi kodlarıdır. Bəhmənli bu kodları elmi dəqiqliklə açır, musiqişünaslıqla etnoqrafiyanın, sənətşünaslıqla milli kimlik yaddaşının qovuşduğu bir müstəviyə daşıyır.
Kitabda rast gəldiyimiz hər bir araşdırma - arxiv materialları, şifahi qaynaqlar, fonotekadan yazılmış səs örnəkləri, Əli Dədənin yetirmələrinin anıları və daha nələr - müəllifin illərlə davam edən fədakar zəhmətinin bəhrəsidir. Bəhmənli təkcə melodiyaları üzə çıxarmır, o, unudulmuş adları, musiqiçi nəslini, bir sənət məktəbini dirildir, elə bil...
Ən önəmlisi isə odur ki, bu monoqrafiya özlüyündə bir çağırışdır - ifaçılara, müəllimlərə, musiqi məktəblərinə. - Çağırışfır ki bu melodiyalar təkcə arxiv üçün deyil, səhnə üçündür; təkcə tarix üçün deyil, gələcək üçündür. Gənc nəslin bu musiqi irsini öyrənməsi, ifa etməsi, yaşatması təkcə estetik məsələ olmaqda qalmayıb, milli təhlükəsizlik məsələsinə dönüşüb - çünki mənimsənilən musiqi, mənimsənilən kimlik deməkdir.
Sənətşünas alim, ictimai və elm xadimi Rauf Bəhmənli bu kitabla həm Əli Dədənin adını əbədiləşdirir, həm də öz adını musiqişünaslıq tariximizin sanballı araşdırmaçılar sırasında möhkəmləndirir.
17 iyun 2025-ci ildə Bakı Musiqi Akademiyasında keçiriləcək tanıtım törəni, bu anlamda, təkcə bir kitabın təqdimatı olmayacaq - milli yaddaşın bərpasının, musiqi ədalətinin təntənəsinə dönüşəcək deyə ümid edirəm.
Ustadın ruhuna, müəllifin şəxsiyyət və yaradıcılığına salam-sayğılarla,
Əkbər QOŞALI