İpoteka kreditlərinin 78 faizi Bakı şəhərinin payına düşür-Sahil Babayev
13 İyun 12:59 SosialMaliyyə naziri Sahil Babayev ipoteka şərtlərinə uyğun kontingentin 90%-nin Bakı və Abşeronda yaşaması ilə əlaqədar ipoteka siyasətinin dəyişdirilməsi və onu paytaxtdan bölgələrə yönəldilməsinin zəruriliyi ilə bağlı deputatların səsləndirdikləri təklifə münasibət bildirib. "Olaylar" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsində maliyyə naziri deyib ki, ümumilikdə İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə uyğun olaraq müvəkkil banklar tərəfindən təxminən 55 min borcalan üzrə 3,5 milyard manatdan çox ipoteka krediti verilib.
Sahil Babayev qeyd eidb ki, ipoteka kreditlərinin 78 faizi Bakı şəhərinin, 22 faizi isə respublikanın digər şəhər və rayonlarının payına düşüb: "Regionlarda fəaliyyət göstərən əhalinin ipoteka krediti vasitəsilə yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə fərdi qaydada məşğul olan sadələşdirilmiş vergi ödəyicilərinin də ipoteka kreditinə çıxış imkanları yaradılıb. Eyni zamanda əhalinin elektron ipoteka sistemi vasitəsilə müvafiq müraciətləri əsasında müvəkkil banklar tərəfindən ipoteka kreditləri verilir. Bu zaman ipoteka krediti vasitəsilə alınacaq yaşayış sahəsinin yerləşməsi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb".