Dondurma sevənlərə XƏBƏRDARLIQ - Ekspert HƏYƏCAN TƏBİLİ ÇALIR
12 İyun 13:44 SosialArtıq yay öz istisini göstərir. Havaların isinməsi ilə bir çox insanın ən çox təlabat göstərdiyi məhsullardan biri də dondurmadır. Amma görünüşcə günün qurtarıcısı olan bu məhsul, əgər düzgün şəraitdə saxlanılmır və doğru seçilmirsə, sağlamlıq üçün təhlükə mənbəyinə çevrilə bilər.
Bəs dondurma alarkən nələrə diqqət etməliyik?
Olaylar.az xəbər verir ki, məsələ ilə bağlı qida mütəxəssisi Məhsəti Hüseynova bildirir ki, ilk növbədə məhsulun istehsal və son istifadə tarixinə diqqət edilməlidir. Tarixi keçmiş və ya son istifadə tarixinə az qalmış dondurmalar mikrobioloji risk daşıya bilər:
"Dondurmalar -18°C temperaturda saxlanmalıdır. Əgər məhsulun üzərində don açılıb yenidən donubsa, bu, dondurmanın təkrar dondurulduğunu göstərir və zəhərlənmə riski artır. Qablaşdırmanın forması dəyişmişsə və ya içərisində buz kristalları varsa, bu artıq təhlükə siqnalıdır. Xüsusilə qeydiyyatsız köşklərdə, günəş altında saxlanan dondurmalardan uzaq durmaq məsləhətdir. Belə məhsullar nəzarətsiz şəraitdə saxlanıldığı üçün tərkibindəki süd məhsulları sürətlə xarab ola bilər.
Tanınmış və etibarlı markaların məhsullarına üstünlük vermək, riskləri azaldır. Qablaşdırma üzərində AZS standartı və ya müvafiq sertifikatların olması məhsulun daha təhlükəsiz olduğunu göstərir.
Əgər sizdə və ya övladınızda laktaza çatışmazlığı, fındıq və ya yumurta allergiyası varsa, dondurmanın tərkibində bu maddələrin olub-olmadığını mütləq yoxlamalısız".
Qeyd edək ki, dondurma yay günlərinin ən dadlı sevincidir. Amma bu sevincin sağlamlıq problemiylə nəticələnməməsi üçün bir neçə dəqiqəlik diqqət, sizi çoxsaylı narahatlıqlardan qoruya bilər. (Milli.az)