Azərbaycan uşaqlarını kimlər piyləndirir?

Günah süni qidalarda, nənə və analardadır

Məlumatlara görə, Azərbaycanda əhalinin 30 faizindən çoxu piylənmədən əziyyət çəkir. Ölkədə əhali arasında artıq çəkidən azad olmaq üçün dietoloqlara müraciət edənlərin, günün müəyyən vaxtını idmana ayıranların, dieta ilə yeyib-içənlərin sayının artması da qeyd edilənlərin təsdiqi sayıla bilər.

Amma bu kateqoriyada uşaqlar da xüsusi yer turur. Belə ki, onlar arasında artıq çəkinin olmasına həyat tərzinin dəyişməsi də təsir edir. İlk növbədə uşaqlara hazır qidaların verilməsi diqqəti çəkən səbəbdir. Mütəxəssislər müəyyən edib ki, hazır qidalar piylənmə səbəblərindən biridir. Əgər bu gün uşağımızı əlimizlə fast-fud satılan restoranlara aparıb onlara bu qidanın üstündən də qazlı şirin içki alıb veririksə, deməli, özümüz öz əlimizlə uşağımızı bəlaya sürükləyirik. Bundan başqa, valideynlərin çoxu uşağa hərəkət etməyə şərait yaratmır. Uşağı sakit, yerində oturmağa alışdırır. Amma uşaq daim hərəkətdə olmalı, yediyi enerjini sərf etməlidir ki, sağlam olsun. Hərəkətsizlik nəticəsində sərf olunmamış enerji uşağın bədənində depolaşır. Qlikogen əzələ və toxumalarda toplanır. Belə uşaqlara paraprofiyalı uşaqlar deyirlər.

Yaddan çıxarmaq olmaz ki, bu gün anadan piylənmə xəstəliyi ilə doğulan, endekrim pozğunluğu olan uşaqlar da var və onların əksəriyyətində piylənmə sonradan hərəkətsiz həyat tərzi, səhv qidalanma nəticəsində baş verir. Araşdırmalar sübut edib ki, uşaqları piylənmədən uzaq tutmağın yolu dinamik həyat tərzindən, düzgün qidalanmadan keçir. Uşağı məktəbə avtomobillə aparıb, avtomobillə gətirib sonrada onu evdə hərəkətsiz saxlamaq ona edilən ən böyük pislik sayılır. Bundan başqa, uşaq günün müəyyən saatlarında oynamalı, fiziki hərəkətdə olmalı, idman etməlidir k, sağlam böyüsün.

Son 40 il ərzində piylənmə əmsalı 10 dəfə artıb, bu isə 124 milyon oğlan və qızın hazırda aşırı kök olduğu deməkdir, yeni tədqiqatın nəticələrində bildirilib. BBC-in araşdırmasına görə, dünyanın 200 ölkəsində kökəlmə tendesiyasını təhlil edən ətraflı hesabatın nəticələri "Lancet"də dərc edilib.

Hesabata görə, Azərbaycanda qızlar arasında piylənmə 4.4 faiz, oğlanlar arasında isə 5.3 faiz təşkil edir. Britaniyada beşyaşlı uşaqdan tutmuş 19 yaşlı gəncədək hər 10 nəfərədən biri kökdür.

Ana və nənələrin uşağı daha çox yedizdirməsi, kök uşağın gələcəkdə daha güclü ola biləcəyi düşüncəsi piylənməyə qapı açır. Dietoloqlar danışır ki, son bir neçə ildə artıq çəkili uşaqlarla daha çox rastlaşırlar. Məsələn, bir sinifdə 20-30 şagirddən 4-5-i artıq çəkili olur. O uşaqlarla danışıb, araşdıranda görürük ki, ailədə zob, şəkər, təzyiq xəstəliyi var. Belə davam edərsə, bu uşaqlar da o xəstəliklərlə mübarizə aparmalı olacaq. Ona görə də, piylənməni uşaq vaxtından aşkarlamaq, üstünə düşmək gələcəkdəki sağlamlıq problemlərinin qarşısını alır. Sağlam qidalanma bu məsələdə çox vacibdir.

Mütəxəssislərin fikrincə, kök uşaqların böyüyüb yaşlaşanda da kök qalması onların sağlamlığı üçün ciddi risk yaradır. "Lancet" təhlilinin açıqlanması dünyada qeyd olunan Dünya Piylənmə Gününə təsadüf edib. Dünya Piylənmə Federasiyasının qeyd etdiyinə görə, piylənmə səbəbindən əmələ gələn xəstəliklərin müalicəsinə 2025-ci ildən başlayaraq hər il dünya üzrə təxminən 1213 milyard dollar xərclənəcək. Ən yüksək sürətlə uşaqların piylənməsi Şərqi Asiya ölkələrində müşahidə edilir.

Tədqiqatçıların qeyd etdiyinə görə, indiki tendensiya qüvvədə qalsa, yaxın gələcəkdə dünyada köklərin sayı, çəkisi normadan az olanların sayını üstələyəcək. 2000-ci ildə pik səviyyəyə çatdıqdan sonra, çəkisi normadan az olan qız və oğlanların sayı dünyada ildən-ilə azalmağa doğru dəyişir. 2020-cı ildə 192 milyon uşaq və yeniyetmənin çəkisi normadan az olub. Bu, həmin yaşda olan kök uşaqların sayından xeyli çox olsa da, bu sahədə tendensiyanın dəyişdiyi qeyd olunur.

Şərqi Asiya, Latın Amerikası və Karib hövzəsi ölkələrində cəmi bir neçə onillik ərzində uşaqlarda çəki çətışmazlığı problemi piylənmə problemi ilə əvəzlənib. Ümumilikdə isə, dünyada 213 milyon uşaq və yeniyetmənin, hələlik piylənmə həddinə çatmasa da, kök olduğu qeyd olunur.

Maraqlıdır, piylənmə daha çox varlı, yoxsa kasıb ölkələrdə özünü göstərir? Araşdırmalara görə, yüksək gəlirli ölkələrdəkı uşaqlarda da piylənmə halları çox yüksəkdir. Bu qrupa daxil olan Birləşmiş Ştatlar kök uşaqların sayına görə ən yuxarı yerdədir. Tədqiqatçılar bu qlobal epidemiyanın səbəbinin ərzaq marketinqi və uğursuz siyasətin nəticəsi olduğunu deyirlər. İnsanların fərdi seçimi olmaqdansa, onlar yeməyi ağır ətraf mühit şəraitində əldə edir. Sağlam yeməklərin qiyməti olduqca yüksəkdir. Sağlam yemək yoxsul təbəqə üçün əlçatmazdır. Qeyri-sağlam ərzaq malları oynamağa yeri olmayan uşaqların çəkisinə təsir edir.

Uşaqlarda özünü göstərən piylənmənin ilk səbəbi heç şübhəsiz ki, ilk altı ay ana südü ilə qidalanmamaqdadır. Bu kateqoriyada olan uşaqlarda piylənmə probleminə daha tez-tez rast gəlinir. Piylənmənin müalicəsinin 70-80 faizi valideynin və pasiyentin, 30 faizi həkimin üzərinə düşür: "Valideynlər övladlarının çəkisini nəzarətdə saxlamalıdırlar. Piylənmə istər böyüklərdə, istərsə də uşaqlarda fizioloji problemlərlə yanaşı, psixoloji problemlərə də yol açır. Piylənmə dövrün xəstəliyidir və müalicəsi də mümkündür. Əgər bu problemə dırnaqarası baxılsa, yorğunluq, yuxusuzluq və ən nəhayət xərçəngə də yol açır. Artıq çəki güc və sağlamlıq göstəricisi deyil, ciddi problemdir".

Piylənmə bizə gələcəkdə hansı xəstəlikləri bəxş edəcək?

* Ürək-damar sistemi: qanda yağların artması nəticəsində gənc yaşlarda intfarkt, insult və.s

* Tənəffüs sistemi: gecə yuxuda xoruldama və nəfəs kəsilməsi, ani ölüm.

* Oynaq xəstəlikləri: bədən ağır olduğu üçün diz oynaqlarında deformasiya, sümüklərin əyilməsi və ya qırılması.

* Tip 2 diabet: piylənmədən əziyyət çəkən uşaqlarda insulin rezistentliyi olduğu üçün qanda şəkərin və insulinin yüksəlməsi baş verir. Nəticədə insulin yüksək olduğu üçün iştah artıqlığı meydana çıxır. Bu da çəkinin daha da artmasına səbəb olur.

Yazını hazırladı: Sevinc TELMANQIZI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31