Azərbaycan- Ukrayna dostluğuna mini sənədli film həsr edilib
5 İyun 17:51 SosialUkraynanın tanınmış Multiplex şirkəti Azərbaycan-Ukrayna dostluğuna həsr olunmuş mini sənədli film təqdim edib. Bu barədə Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi məlumat verib.
O deyib ki, Ukraynada və bir sıra xarici ölkələrdə kinoteatrlar şəbəkəsinə sahib olan Multiplex bu təşəbbüslə Azərbaycan xalqına təşəkkürünü çatdırıb.
Bu mini film Ukrayna xalqının ən çətin günlərində Azərbaycanın dəstəyinə verilən minnətdarlıq jestidir. Filmdə qiymətli arxiv görüntülərdən, müharibə şəraitində çəkilmiş real kadr və paralellərdən istifadə olunub.
Ekran əsərində raket zərbələri ilə viran qalmış Ukrayna şəhərləri ilə yanaşı, erməni təcavüzü nəticəsində daşı daş üstündə qalmamış Ağdam şəhərinin görüntüləri də təqdim olunur. Bu kadrlarla iki xalqın oxşar taleyini və birgə mübarizə zərurətini vurğulamaq məqsədi güdülür.
Mini filmin emosional kulminasiya nöqtəsində xalq artisti Rəşid Behbudovun Ukrayna dilində ifa etdiyi "Ruşnik" mahnısı səsləndirilir. Bu mahnı iki xalq arasındakı dostluğun simvolu kimi təqdim olunur. Behbudovun səsi filmin dramatik strukturu ilə peşəkarlıqla uzlaşdırılıb, savaşın dəhşətləri fonunda xalqların birliyini ön plana çıxarır.
Film boyu ingilis dilində "UKRAINE AND AZERBAIJAN - TWO NATIONS WITH ONE PROBLEM" (Ukrayna və Azərbaycan - iki millətin bir problemi) mesajı titrlərlə təqdim edilir.
Multiplex rəhbərliyi bildirib ki, film sosial şəbəkələrdə, özlərinə və tərəfdaşlarına məxsus kinoteatrlarda seanslardan əvvəl, eləcə də alış-veriş mərkəzlərində və digər ictimai yerlərdə geniş şəkildə nümayiş etdiriləcək.
Sonda Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi layihəyə verdiyi dəstəyə görə minnətdarlığını ifadə edərək, dost Ukrayna xalqına uğurlar arzulayıb.