DİN Qurban bayramı ilə əlaqədar sürücülərə müraciət edib

Qurban bayramı və tətil günləri ilə əlaqədar olaraq paytaxtdan bölgələrə səfər edən vətəndaşların sayında artım gözlənilir. Bu səbəbdən, həm şəhərdaxili, həm də respublika yollarında nəqliyyat sıxlığının yaranması və qəza riskinin artması ehtimal olunur.

Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sürücülərə müraciətində bildirilib.

Yol hərəkətində təhlükəsizliyin təmin olunması məqsədilə sizi aşağıdakı vacib qaydalara əməl etməyə çağırırıq:

Avtomobildə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə edin;

Nəqliyyat vasitəsinin texniki sazlığını öncədən yoxlayın;

Mümkün olduqda səhər saatlarında yola çıxın;

Nəqliyyat vasitəsi istehsalçısı tərəfindən müəyyən edilmiş saydan artıq uşaqlar da daxil olmaqla sərnişin daşımayın;

Sürət həddini aşmayın, ötmə manevrlərini yalnız qaydalara uyğun şəkildə həyata keçirin;

Sərxoş və ya yorğun vəziyyətdə sükan arxasına əyləşməyin;

Unutmayın, polis əməkdaşları bayram günlərində də respublika yollarında və şəhər ərazilərində fasiləsiz xidmət göstərir, sizin təhlükəsiz və rahat istirahətiniz üçün çalışırlar.

Siz də məsuliyyətli davranaraq özünüzü və yaxınlarınızı qoruya, təhlükəsizliyin təmininə töhfə verə bilərsiniz.

Qoy bu mübarək bayram hər kəsə ruzi, bərəkət və sevinc gətirsin! Qurbanlarınız, dualarınız qəbul olsun.
Bayramınız mübarək!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31