Daşkənddə Azərbaycan və Özbəkistan arasında kitabxana, tərcümə və nəşr sahələrində əməkdaşlıq müzakirə olunub

Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Agentliyin direktor müavini Qayrat Bazarov arasında görüş keçirilib.

Görüş zamanı iki ölkə arasında mədəniyyət, kitabxana, tərcümə və nəşr sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri geniş şəkildə müzakirə olunub. Tərəflər Azərbaycan və Özbəkistan arasında mövcud tarixi, mədəni və mənəvi bağların bu sahədə əməkdaşlıq üçün əlverişli zəmin yaratdığını vurğulayıblar.

Akif Marifli Azərbaycan-Özbəkistan münasibətlərinin dostluq və strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini qeyd edərək, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi mədəni-humanitar layihələr barədə məlumat verib. O, xüsusilə kitabxana işi, müştərək kitab sərgiləri, nəşrlər və tərcümə layihələrinin iki xalqın bir-birini daha yaxından tanımasında əhəmiyyətli rol oynadığını bildirib.

Görüş zamanı kitabxanalar arasında əməkdaşlıq, müasir texnologiyalarla təchiz olunmuş elektron kitabxana layihələri, həmçinin Azərbaycan və Özbəkistan müəlliflərinin əsərlərinin qarşılıqlı nəşri və tərcüməsi məsələləri də diqqət mərkəzində olub. Tərəflər bu sahədə birgə layihələrin hazırlanması və həyata keçirilməsi üçün konkret təkliflər müzakirə ediblər.

Qayrat Bazarov isə Azərbaycan mədəniyyətinin Özbəkistanda geniş təbliğinə xüsusi önəm verdiklərini, media və informasiya sahəsində əməkdaşlıqla yanaşı, mədəniyyət və kitab işi üzrə də əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, birgə kitab sərgilərinin təşkili, tanınmış yazıçı və alimlərin əsərlərinin tərcüməsi və nəşri, o cümlədən informasiya portallarında bu sahəyə dair məlumatların paylaşılması istiqamətində də əməkdaşlığın mümkünlüyünü diqqətə çatdırıb.

Görüşdə həmçinin media nümayəndələrinin qarşılıqlı səfərləri, ortaq konfranslar, televiziya və internet resurslarında birgə proqramların hazırlanması, ictimai diplomatiya və informasiya dəstəyi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər bu cür görüşlərin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi və qarşılıqlı anlaşmanın dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edərək, gələcəkdə konkret əməkdaşlıq planlarının hazırlanması və birgə təşəbbüslərin reallaşdırılması barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31