“ASAN xidmət” təcrübəsi Karib hövzəsi ölkələrində
2 İyun 10:36 Sosial25-29 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Barbados Respublikasının Baş nazirinin Ofisinin dəvəti əsasında bu ölkədə səfərdə olub.
Əsas məqsəd "ASAN xidmət" təcrübəsinin Barbadosda tətbiqi ilə əlaqədar müzakirələrin aparılması və görüşlərin keçirilməsi olub.
Barbados Respublikasının dövlət xidmətlərinə məsul naziri ilə görüşdə nazir hökuməti üçün əsas prioritetlərindən birinin dövlət xidmətlərinin göstərilməsi sahəsinin təkmilləşdirilməsi olduğunu qeyd edərək, bu sahədə Azərbaycanın qabaqcıl "ASAN xidmət" təcrübəsindən faydalanmaq istədiklərini bildirib.
Həmçinin görüş zamanı Barbados tərəfi "ASAN xidmət" təcrübəsinin ölkələrində tətbiqi ilə əlaqədar sazişin imzalanması təşəbbüsü ilə çıxış edib və belə bir sənədin qısa müddətdə imzalamağa hazır olduqlarını bildirib.
Barbadosun bir sıra dövlət qurumlarının rəhbərləri, yüksək vəzifəli hökumət rəsmilərinin iştirakı ilə "ASAN xidmət" və Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində tətbiq olunan innovativ həllərin nümayişinə dair geniş tədbir keçirilib. Dövlət Agentliyinin nümayəndələri tərəfindən "ASAN xidmət", burada göstərilən innovativ həllər, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlərə dair geniş təqdimatlar edilib. Hazırda ölkəmizin qabaqcıl təcrübəsinin 30-dan çox dövlətlə paylaşıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Barbadosun bir sıra yerli qurumlarının fəaliyyəti ilə tanışlıq da həyata keçirilib.
Dövlət Agentliyinin nümayəndə heyəti BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin təşkilçatçılığı və BMT-nin Latın Amerikası və Karib hövzəsi üzrə İqtisadi Komissiyasının tərəfdaşlığı ilə keçirilən "Dövlət sektorunda idarəetmənin gələcəyi: innovasiya və dövlət sektorunun transformasiyası üçün düşüncə tərzinin dəyişdirilməsi" mövzusundakı tədbirdə iştirak edib. Əsas məqsəd Karib Hövzəsi ölkələrində dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi sahəsində müzakirələrin aparılması olub. Tədbirdə Karib hövzəsi ölkələrini təmsil edən dövlətlərin nümayəndələri qatılıblar.
Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri "ASAN xidmət" konsepsiyası haqqında ətraflı təqdimatla çıxış edərək, bu modelin ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlət xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilmiş mühüm islahat olduğunu vurğulayıb və vətəndaşların böyük rəğbətini qazandığını diqqətə çatdırıb.
Tədbir çərçivəsində "ASAN xidmət" təcrübəsinin paylaşılması istiqamətində Karib hövzəsi ölkələrinin nümayəndələri ilə görüşlər keçirilib və əməkdaşlıq imkanları müzakirə edilib.