Regional məsələlər komitəsinin onlayn iclası keçirilib
15:22 SosialMayın 22-də Milli Məclisin Regional məsələlər komitəsinin videokonfrans formatında iclası keçirilib. "Olaylar" xəbər verir ki, iclası açan komitə sədri Siyavuş Novruzov iclasda 1 məsələnin -Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" və "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsinin birinci oxunuşda müzakirə olunacağınısöyləyib.
Komitə sədri bildirib ki, qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təqdim olunub. Məlumat verilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" çərçivəsində yerli özünüidarəetmə sahəsində korrupsiyaya şərait yaradan səbəblərin araşdırılması və onların aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununa təklif edilən yeni maddənin bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını nəzərdə tutduğu söylənilib. Bildirilib ki, bu sistem korrupsiya hallarının qarşısının alınmasına, idarəetmədə şəffaflığın və hesabatlılığın artırılmasına töhfə verəcək.
Eyni zamanda, qeyd olunub ki, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Qanun layihəsində həmin informasiya sisteminin yerli büdcə gəlirləri hesabına maliyyələşdirilməsi təklif edilir. Bu isə yerli özünüidarə orqanlarının maliyyə müstəqilliyini qorumaqla yanaşı, resursların daha səmərəli istifadəsinə şərait yaradacaq.
Bildirilib ki, qanun layihəsində təklif olunan digər mühüm yeniliklərdən biri də bələdiyyə bildirişlərinin elektron formada göndərilməsi ilə bağlıdır. Bu yanaşma vətəndaşlara daha əlçatan və operativ xidmət göstərilməsinə, həmçinin sənəd dövriyyəsinin rəqəmsallaşdırılması fonunda idarəetmənin sadələşdirilməsinə imkan yaradacaq.
Təklif olunan dəyişikliklərin "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", eləcə də "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlara da şamil olunmaqla, Milli Fəaliyyət Planında nəzərdə tutulan islahatların praktiki icrasına xidmət edəcəyi diqqətə çatdırılıb.
Qanun layihəsinin müzakirəsində komitənin üzvləri Vasif Qafarov, Kamran Bayramov, Məzahir Əfəndiyev, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi Elmin Həsənov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov çıxış edərək qeyd və təkliflərini bildiriblər.
Müzakirələrin sonunda iclasda təqdim edilən qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasdaRegional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov, üzvləri Tahir Rzayev, Arzuxan Əli-zadə, Aydın Mirzəzadə, Elşən Musayev, Xanlar Fətiyev, bələdiyyə assosiasiyalarının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.