Bakıda taksilərlə bağlı yeni dövr başladı – Qiymətlər isə…
16:38 SosialAzərbaycanda 2024-cü ilin yanvar-aprel aylarında 25 milyon 514 min sərnişin taksilərdən istifadə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalma deməkdir. Statistik məlumatlarda ciddi artım müşahidə olunmasa da, sektorda ümumi durğunluğun olduğu bildirilir. Xüsusilə artan yanacaq, lizinq və texniki xidmət xərcləri taksi fəaliyyətini rentabelli sahə olmaqdan çıxarır.
Yaxın illərdə taksilərə tələbat azala bilərmi? Bu proses qiymətlərə necə təsir edəcək?
Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müəyyən addımlar atılıb:
"Bu islahatların nəticəsində taksilərin sayı xeyli azalıb. Bakıda təxminən 67-68 min civarında taksi var idisə, indi bunun 40 mini kənarlaşdırılıb. Ola bilər ki, taksilərin 5-10 mini qanunsuz yolla və gizli şəkildə fəaliyyət göstərir. Məsələn, qohum-qonşunu aparıb-gətirir, məhəllələrdə fəaliyyət göstərirlər və sair. Hazırda rəsmi qaydada 27 min qeydiyyatda olan taksi var. Bu göstəricinin gələcəkdə 30-35 minə qalxması gözlənilir. Qiymətlərə gəldikdə, sürücülər aşağı olduğunu desə də, sərnişinlər əksini iddia edir. Ortaq məxrəci tapmaq üçün taksi fəaliyyətindəki qiymətlər tənzimlənməlidir. Bundan sonra haqlı tərəfi müəyyən etmək olar".
Elməddin Muradlı
Ekspertin sözlərinə görə, taksi fəaliyyəti üçün ölkəyə yeni avtomobillər gətirilir:
"Eyni zamanda sürücülər də taksi fəaliyyəti ilə məşğul olmaq üçün imtahan verir, sertifikat alır və qeydiyyatdan keçirlər. Bu baxımdan, gələcək illərdə taksilərin sayında artım müşahidə olunacaq. Qiymətlərin yüksəlməsi isə tələbə bağlı olaraq dəyişəcək".