Ehtiyatlı olun, bu aylar hər an ilanla rastlaşa bilərsiniz – Alimdən xəbərdarlıq

Havalar isinəndən ilanların aktivliyi qeydə alınır. Bu sürünənlər kənd və rayonlarda deyil, böyük şəhərlərdə də tez-tez gözə dəyir. Bakının müxtəlif massivlərində ilanların yaşayış yerlərində göründüyü, həyətlərə girdiyi barədə məlumatlar yayılır.

Bir neçə gün öncə Bakının Əhmədli qəsəbəsi, Gəncə prospektində avtomobilin mühərrik hissəsinə ilan girdiyi barədə məlumat yayıldı. Dünən isə oxşar hadisə yenə Əhmədlidə qeydə alınıb. Həyət evlərindən birinə uzunluğu 1 metrədək olan ağ rəngli ilan girib. Məlumata görə, o, avtomobilin altında gizlənib. Ev sahibinin iddiasına görə fərqli qurumlara müraciət etsə də, heç biri ona kömək etməyib.

İlanların paytaxtda çoxalmasının səbəbi nədir? Bununla bağlı vətəndaşlar hansı quruma müraciət etməlidirlər?

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan Zoologiya İnstitutunun "Quru Onurğalıları" laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərovun sözlərinə görə, ilanların şəhərdə görünməsi onun çoxalması ilə əlaqədar deyil.

O bildirib ki, may ayından iyunun 15-nə qədər insanlar daha çox ilanlarla rastlaşır, nəinki sonrakı isti aylarda:

"Qızmar yay aylarında şəhərdə ilan görməyəcəklər. İlanların ən aktiv vaxtı heyvanların qışlamadan çıxdıqları zamandır. Onların yaşaması üçün harda şərait olursa, orada da görmək olar. Bakının mərkəzində, insanların çox olduğu yerdə ilan yaşamır. Çünki nə rahat yaşaması, nə də yemlənməsi üçün şərait var. Əgər şəhərin mərkəzində ilan görürüksə, deməli, ora təsadüfən maşınlarda gəliblər. İlanlar maşınlarda gizlənmə yerlərini bilirlər. Məsələn, şəhərin kənarında ilanların yaşadığı ərazilər var. O yerlərə maşın gedəndə, tikinti materialları, daş, qum daşıyan avtomobillərdə gizlənə bilirlər. Sürücü də maşını saxlayanda, ya getdiyi yerdə görür ki, kapotun altından ilan çıxır".

T.İsgəndərov deyib ki, şəhərdən kənara avtomobillə gedən şəxslər qayıdarkən maşını tıqqıldadıb, səs etsinlər ki, orda olan heyvan səsdən ürküb getsin:

tevekkul isgenderov

Təvəkkül İsgəndərov

"Bu ay rastlaşma çox olduğu üçün adamlar elə bilirlər ki, ilanlar artıb, amma belə deyil. 10 ilan varsa, bu günə kimi görünmürdü, indi isə yemlənmə, erkəklə dişinin bir-birini axtarması ilə əlaqədar aktiv olurlar. Ona görə də müəyyən ərazilərdə tez-tez rast gəlmək mümkündür. Şəhərdən kənara, torpaqlı ərazilərə gedən şəxslər maşına əyləşən zaman mütləq tıqqıldadıb səs etsinlər ki, ilan qorxub qaçsın".

Təvəkkül İsgəndərov ilanların ərazidən uzaqlaşdırılması üçün müraciət ediləcək qurumun olmadığını qeyd edib:

"Məsələ dəfələrlə qaldırılıb. Əhali ilanla rastlaşan zaman hara müraciət edəcəyini bilmir. Baxın, Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-standart situasiyalarda kömək etmək üçün yaranıb. Adından da bəllidir - fövqəladə. Təklif etmişəm ki, bir mütəxəssis qrupu yaradın və onları lazımi avadanlıqla, avtomobillə, alətlərlə təmin edin, bu cür hallarda gedib vətəndaşa yardım etsinlər. Hələ nəticə yoxdur. Amma bu sahə üzrə təcrübəsi olan mütəxəssislər var və onlar ödəniş əsasında gedib yardım edirlər. Bunun üçün isə gərək həmin şəxslərin nömrəsini bilmiş olsunlar. Lakin dövlət səviyyəsində belə bir qurum yoxdur".

Müsahibiz vətəndaşlara müraciət edib:

"İnternet üzərindən özlərini reklam edən şəxslərə güvənməyin. Bir də görürsünüz ki, öz məlumatlarını paylaşır, mütəxəssis olduqlarını deyirlər. Araşdırdıqda ilanla bağlı heç təsəvvürlərinin olmadığı ortaya çıxır. Lakin pula görə əhalini aldadırlar. Bu məsələni hər adamın öhdəliyinə buraxmaq olmaz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31