Qərar verilsə, minlərlə insan pulsuz istifadə edəcək – Müzakirələr başladı

Xəbər verdiyimiz kimi, Qobustan Milli Tarix-Bədii Qoruğuna giriş biletlərinin qiymətləri 1 iyun 2025-ci il tarixindən etibarən bahalaşacaq. Belə ki, qoruğa gələn yerli ziyarətçilər 7, əcnəbilər 20, tələbələr 3, uşaqlar (15 yaşadək) 2 manat ödəməli olacaqlar. Bu isə o deməkdir ki, Qobustana giriş qiyməti şagirdlər üçün 5 dəfə artırılıb. Artıq məsələ ciddi ictimai müzakirələrə səbəb olub. Ekspertlər və ictimaiyyət nümayəndələri bildirirlər ki, bu qərar xüsusilə məktəb ekskursiyalarının təşkili baxımından ailələrə əlavə maliyyə yükü yarada bilər. Hətta qonşu Türkiyədə əksər muzeylərin şagird və tələbələr üçün pulsuz olduğu vurğulanır.

Qeyd edək ki, hazırda giriş qiymətləri yerli ziyarətçilər üçün 4, əcnəbilərə 10, tələbələrə 1, məktəblilərə isə 0.40 AZN təşkil edir.

Azərbaycanda da bu xidmət pulsuz təklif edilməlidirmi?

Globalinfo.az-a danışan təhsil eksperti Sona Əliyeva deyib ki, qiymət artımı yüzlərlə şagirdin tariximizlə, mədəniyyətimizlə birbaşa tanış olmaq imkanının məhdudlaşdırılması deməkdir:

"Unutmamalıyıq ki, tarix və mədəniyyətə sevgi uşaqlıqdan aşılanır. Giriş haqları bu prosesə mane olmamalıdır. Bu gün uşaqlarımıza tarixi yerində öyrədə bilmiriksə, sabah onlardan vətənpərvərlik, milli kimlik gözləyə bilmərik".

Ekspert bildirib ki, Türkiyədə mədəniyyətə əlçatanlıq dövlət siyasətinin bir hissəsidir:

"Azərbaycanda da bu təcrübədən faydalanmaq mümkündür. Qobustan kimi milli dəyəri olan abidələrə giriş şagird və tələbələr üçün tamamilə pulsuz və ya simvolik qiymətlərə olmalıdır. Ən azından məktəb ekskursiyaları çərçivəsində bu xidmət dövlət tərəfindən qarşılanmalıdır. Gələcəyin vətəndaşlarını mədəniyyətə sevgi və hörmət hissi ilə böyütmək dövlətin və cəmiyyətin birgə məsuliyyətidir. Düşünürəm ki, bu qərar yenidən nəzərdən keçirilməlidir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31