Zarafat-zarafat altmışa çatdın...
12:38 SosialVahid Əziz
Qohumum, etibarlı dostum İlham İsmayılovun 60 yaşına
Səni şux saxlayan güclü bir inam,
zəhmətlə gecəni-gündüzə qatdın,
doğmam, xalam oğlu, qardaşım İlham,
zarafat-zarafat Altmışa çatdın.
Hər kəsin qisməti var bu dünyada,
Ömrü mərd yaşayan sayğıyla getdi,
həyata baxışın ciddi olsa da-
səninlə çoxları "zarafat" etdi.
Göylərə inandın, bir də torpağa,
naməhrəm işlərə tamah salmadın.
Zarafat sözünü aldım dırnağa -
çünki sən onları saya salmadın.
Həyat bir sahilsiz, tufanlı ümman,
vicdan qayığında qolların avar,
Vətənin- yan ala bildiyin liman,
Üstəlik sevdiyin Türk Dünyası var.
Var olsun ömrünə gələn yeni il,
gözləri - insanın qəlb aynasıdır.
Altmiş yaş - qocalıq kandarı deyil,
ikinci gəncliyin astanasıdır..
Səni şux saxlayan güclü bir inam-
zəhmətlə həyatda qalxdın, ucaldın,
Özüm şahidiyəm, qardaşım İlham,
mərdliklə hər yerdə qələbə çaldın...
01.05.2025