QHT-lərə Dövlət Dəstəyi Agentliyi Qlobal Cənubla bağlı layihələrə 13 milyon dollar vəsait ayırıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Qlobal Cənubu təmsil edən qeyri-hökumət təşkilatlarının 1000-dən çox layihəsinə 13 milyon dollar vəsait ayırıb.

Bu sözləri Dövlət Agentliyinin icraçı direktoru Aygün Əliyeva Bakıda keçirilən Qlobal Cənub Platformasının təsis konfransı zamanı deyib.

O bildirib ki, rəhbəri olduğu qurum belə qurumlara dəstəyini davam etdirmək niyyətindədir.

"Bugünkü tədbirdə təmsil olunan nümayəndələri həmrəylik dili birləşdirir. Qlobal Cənub Konsepsiyası tək coğrafiyanı əhatə etmir. Bu, siyasi və sosial şəbəkələri də özündə birləşdirir.

Qlobal Cənub dövlətlərində yaşayan xalqların əksəriyyəti yoxsulluqla və müstəmləkə siyasəti ilə üzləşirlər. COP29 tədbirlərində Azərbaycan Qlobal Cənub ölkələrinə də öz töhfəsini verib", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransı keçirilir. Bu tədbir Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisəsi hesab olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31