Yenə kütləvi ZƏHƏRLƏNMƏ –  Şadlıq evlərindəki qidalara AQTA NƏZARƏT ETMİR?

Tez-tez şadlıq saraylarında zəhərlənmə halları ilə bağlı məlumatlara rast gəlirik.
 

Ötən həftə paytaxtda daha bir şadlıq sarayında kütləvi zəhərlənmə faktı qeydə alınıb. Belə ki, paytaxtın Xətai rayonunda yerləşən "Venesiya" restoranında 50-dən çox şəxs zəhərlənib.

Onlardan 32 nəfər Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib. Zəhərlənənlərin hər biri tibbi müdaxilədən sonra evə buraxılıb.
 

Yuxarıda qeyd etdiyimiz kimi belə hallar tez-tez yaşanır. Həmçinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) restoran və kafelərdə mütəmadi monitorinqlər aparır.
 

Bəs bunlara necə nəzarət olunur ki, vaxtaşırı belə hadisələrin şahidi oluruq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, bu məsələdə sifarişçilər də diqqətli olmalıdırlar:

"Şadlıq saraylarında tələb təklifi üstələyir. Şadlıq sarayı ilə razılığa gəlmiş insanlar birinci onun mətbəxinə girməlidirlər. Baxmalıdırlar ki, şadlıq sarayının mətbəxində dünəndən, çoxdan qalmış yeməklər saxlanılırsa, belə məkanlarla razışlaşmanı ləğv etməlidirlər. Ümumiyyətlə, restoranlardakı yeməklərin sonrakı taleyi naməlumdur".

O hesab edir ki, bu sahədə AQTA-ya əlavə səlahiyyətlər verilməlidir:
"Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin əli-qolu bağlıdır, onlar qəfil yoxlama imkanlarına malik deyillər. AQTA-nın əsasnaməsində dəyişiklik olmalıdır, onlar cəld, istədikləri vaxt yoxlama aparmaq imkanlarına malik olmalıdırlar. Nazirlər Kabinetinin müqavilə forması təsdiq olunmalı və şadlıq evləri ilə sifarişçi arasında müqavilə imzalanmalı və orada bütün hallar göstərilməlidir. Yəni şadlıq evlərindəki zəhərlənmənin məsuliyyətini onların üzərində saxlayan müqavilələr olmalıdır. Nə qədər ki bunlar yoxdur, bu cür hallar davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31