Audiovizual Şura beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edir - Taleh Quliyev

Audiovizual Şura bir çox regional və beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edir.

Olaylar.az xəbər verir ki, bu fikirləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin aprelin 15-də Bakıda keçirilən 11-ci Toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev deyib.

O qeyd edib ki, bu platformalarda audiovizual media sahəsindəki yeniliklər, əməkdaşlıq və dialoq məsələləri müzakirə olunur:

"Bugünkü tədbirdə də özəl media sahəsində baş verən yeniliklər, mövcud çətinliklər, əməkdaşlıq və dialoq imkanları ətrafında fikir mübadiləsi aparıldı. Eyni zamanda, tədbirin əsas mövzusu olan media xidmətlərində uşaq hüquqlarının qorunması məsələsi geniş şəkildə müzakirə edildi".

Tədbir çərçivəsində iki panel sessiyanın təşkilinin nəzərdə tutulduğunu deyən Taleh Quliyev qeyd edib:

"Bu sessiyalardan biri tədbirin əsas mövzusuna uyğun olaraq uşaqların sosial mediada hüquqlarının qorunması və bu istiqamətdə media savadlılığının artırılması məsələlərinə həsr olunacaq. Digər panel isə bu mövzu üzrə hüquqi tənzimləmə mexanizmlərini əhatə edəcək. Hər iki sessiyada regional, beynəlxalq və yerli ekspertlərin çıxışları planlaşdırılıb", - deyə o qeyd edib.

O bildirib ki, bu cür tədbirlər audiovizual media sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31