“Olaylar” müstəqillik dövrünün Azərbaycan modelidir!- OLAYLAR-30
15 Aprel 2025 10:17 Sosial"Olaylar" qəzeti demək olar ki, müstəqilliyimizin yaşıdıdır. Otuz il haqsız yerə zülmə, vəhşətə məruz qalmış, daha sonra zəfərini bərpa edib haqq səsini dünyaya bəyan edən Azərbaycanın obrazını özündə ehtiva eləyir. Bu gün hədsiz çeviklik tələb edən informasiyanın alınması və yayılması prosesində "Olaylar"ın funksionallığı, rolu və təcrübəsi danılmazdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP idarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova deyib: "Hazırkı çap və internet resurslarının bolluğu şəraitndə seçilmək, xüsusi məqam və dəst-xətt formalaşdırmaq asan iş deyil. Buna ancaq milli maraqları qorumaqla bərabər, Azərbaycan jurnalistikasının özünəməxsus ənənələrini layiqincə davam edirməklə müvəffəq olmaq mümkündür.
Bir qəzet və informasiya agentliyi olaraq "Olaylar" cariliyə köklənmiş, gündəm mövzularını prioritetə çevirsə də, alt qatda milli düşüncəmizin bütövlüyünə xidmət amalı qərarlaşıb. Yəqin həm də ona görə ki, "Olaylar" qəzetinin rəhbəri Yunus Oğuz yazıçıdır, sözə həssas yanaşan, milli maraqları öndə tutan birisidir.
Diqqət eləsək, görmək çətin olmur, bu mətbuat orqanında otuz illik bir dönəmin yaşantılarından tutmuş qələbə reallığına qədər, dövlət, xalq olaraq nüfuzumuzu qorumaq zəminində problem ola biləcək ən kişik nüansa belə həssaslıqla vurğu salmaq meyli var. "Olaylar" müstəqillik dövrünün Azərbaycan modelidir! İtkiləri və qazancları, faciələri və zəfərləri ilə birlikdə! Hər şey onun obrazına müvafiqdir. 1990-cı illərin xaotik proseslərindən yol alan hər şey bu obrazın - Azərbaycan obrazının mürəkkəbliyində qapanır, qatılaşır, nəhayət, zəfərlə çıxdığımız reallıqda yeni məcraya qovuşur, dirilik və nüfuz tapır. 30 yaşlı "Olaylar"ı təbrik edir, vətənimizin, dövlətimizin güclənməsi yolunda göstərdiyi fəaliyyətində uğurlar, aydın sabahlı bir gələcək arzulayıram!"