Erkən nikah cəmiyyət üçün fəsadlar yaradan ciddi ictimai problemdir

Belə nikahların reallaşmasında valideynlər də məsuliyyət daşıyır

Həyata keçirilən bütün tədbirlərə baxmayaraq, erkən nikah problemi ölkəmizdə hələki mövcuddur və narahatlıq doğuran bir məsələdir. Odur ki, Azərbaycanda, həm də xarici ölkələrdə yaşayan soydaşlarımız, ictimai fəal insanlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, din xadimləri, ümumilikdə bütün cəmiyyət üzvləri problemlə mübarizədə fəal olmalı, bu halların qarşısının alınmasında yaxından iştirak edərək öz dəstəklərini göstərməlidirlər. 
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Rövşən Qasımov qeyd edib ki, erkən nikah Azərbaycanın ailə genefonduna təsiri baxımından aktual problem kimi qalmaqdadır. Bunun qarşısını almaq üçün ilk növbədə rayon və kənd yerlərində, məktəblərdə ciddi maarifləndirmə işləri aparılmalıdır: "Maarifləndirmə işləri yalnız uşaqlar və şagirdlər arasında aparılsa, bir o qədər də effektli olmayacaq. Çünki bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirmə işlərinə eyni zamanda müəllimlər, din xadimləri, bölgənin nüfuzlu adamları və valideynlər cəlb etməli, bu haqda insanlara düzgün məlumatlar çatdırılmalıdır. Erkən nikah probelmində məsuliyyəti eyni zamanda valideynlər daşıyır. Qızların təhsildən uzaqlaşdırılması, erkən ərə verilməsinin fəsadları illər sonra özünü büruzə verir. Erkən nikaha daxil olan qızlar sonradan qeyri rəsmi nikah dağılıqdan sonra tam olaraq qanunla müdafiəsiz vəziyyətə düşürlər. Erkən nikahların uşaq hüquqlarının pozulmasından məişət zorakılığı, doğuş zamanı ana-uşaq ölümləri, fiziki-psixoloji çətinliklər kimi çox geniş spektri əhatə edən ciddi fəsadları mövcuddur. Hər şeydən əvvəl erkən nikahlar bu akta sövq olunan yetkinlik yaşına çatmamış qızların, istərsə də oğlanların normal və sağlam inkişafının qarşısını alır. Həmçinin, yetkinlik yaşına çatmamış qızlar bu növ nikahlara sövq olunaraq təhsillərini yarımçıq qoymaq məcburiyyətində qalırlar. Beləliklə də hər hansı bir peşəyə yiyələnə bilmirlər. Bu isə o deməkdir ki, onlar gələcəkdə ortaya çıxa biləcək boşanma, cütlərdən birinin vəfat etməsi kimi problemlər qarşısında iqtisadi cəhətdən zəif vəziyyətə düçar olacaqlar. Çünki çox zaman ailələr bu cür evlənmələri gizli saxlamağa üstünlük verirlər. Erkən nikah faktı çox vaxt şəxsin 18 yaşı tamam olduqdan sonra sənəd üçün rəsmi orqanlara müraciəti zamanı, yaxud dünyaya körpə gələrkən  məlum olur. Unutmaq olmaz ki, azyaşlı uşaqları erkən nikaha və uşaq evliliyinə məcbur etmək, hətta ictimai müzakirələr zamanı belə hallara haqq qazandırmaq müasir, demokratik ölkələr üçün heç bir halda normal qəbul edilə bilməz və birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz "nümunəsi" kimi dəyərləndirilməlidir. Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb. Lakin hələ də yuxarı siniflərdə təhsil alan qız uşaqlarının təhsildən yayınması, erkən yaşda ailə qurmağa məcbur edilməsi hallarına rast gəlinir. Belə nikahlar isə sonradan müxtəlif ciddi fəsadlar yaradır. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa, həmçinin 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyaya görə, tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1. , 60.2, 60.3, 60.4. bəndlərində deyilir: Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir".

Vəkil bildirib ki, bəzən erkən nikahlar tarixi ənənələr və mentalitetdən irəli gələn səbəblərdən baş tutur: "Bəzən ailənin maddi vəziyyəti, ümidsizlik atmosferi yaradan kasıbçılıq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi fikri də erkən nikahlara şərait yaradır. Bu praktika kəndlərdə və aztəminatlı ailələrdə geniş yayılmışdır. Bir çox hallarda bu nikahlar valideynlər tərəfindən təşkil edilir, burada qızların perspektivləri və seçimləri məhdud olur. Təcrübədə ailədaxili münaqişələr, qız uşaqlarına təzyiqin olması da onları erkən evliliyə yönəldir. Bəzən isə qaçırılma halları erkən evliliyə məcburiyyət yaradır. Erkən nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Erkən nikahların problem yaratmasınını səbəblərindən biri də yeniyetməlik dövrünə təsədüf etməsidir. Həmin dövr uşaqların fiziki, psixoloji, bioloji və sosiallasma cəhətdən sürətli inkişaf dövrüdür.İnsan həyatının ikinci böyümə və inkişaf etmə dönəmi olan həmin zaman aralığı şəxsiyyətin formalaşması zamanıdır, ona görə də çox vaxt yeniyetmələrin fərdi xüsusiyyətlərində balans pozulur.  Yeniyetməlik dövründə nikaha daxil olmaq, ailə qurmaq, uşaq sahibi olmaq uyğun dönəm hesab edilmir. Dolayısıyla ictimai inkişafını tamamlamamış olan bu yaşlardakı uşaqların evləndirilməsi uşaqlarda tam  formalaşmamış fərdi keyfiyyətlərində problemə səbəb olur. Nikahdan sonra cəmiyyətdən təcrid olunma, ictimai fəaliyyətdən uzaqlaşma, özgüvən probleminin yaranması halları baş verir. 
Evlilik şəxsin seçim edə biləcəyi bir hadisə olduğu halda erkən evlilik onun seçim haqqının əlindən alınmasıdır. Erkən nikahlar uşaqların uşaqlıqlarının əlindən almaqla onların inkişafında travmalara səbəb olur.  Bu insanlara erkən yaşda ailə, ev, uşaq baxımı kimi məsuliyyətləri yükləməklə, şəxsi inkişafdan yoxsul qalırlar. Erkən nikah qurbanlarının daha çox qız uşaqları olduğundan, həmin qızların həyat yoldaşlarından asılı hala gəlmələrinə və cəmiyyətdə qadın-kişi bərabərsizliklərinin yaranmasına səbəb olur. Dünya statistikasına əsasən erkən yaşda evləndirilən qızlar, normal hala nisbətən iki dəfə artıq şiddətə məruz qalırlar. Erkən yaşda evlilik qadınların təhsilinində və maddi vəziyyətinin  məhdudluğu, tərəflər arasında yaş fərqi, güc balansının olmamağı, qadının azadlığının əlindən alınması bu cür evliliklərin mexanizminin əsasıdır".

Onun sözlərinə görə, erkən nikahlar rəsmi qeydiyyata alınmadığından onlara nəzarət etmək dövlət səviyyəsində çətinlik yaradır: "Ona görə də bir çox ictimai problem kimi erkən nikahın  aradan qaldırılması üçün hər kəs mübarizə aparmalı, bu halın aradan qaldırılmasında üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Erkən nikaha daha çox məruz qalan qızlar gələcəyin anasıdır. Ana isə nə qədər təhsilli, dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı, cəmiyyət üçün faydalı olar. Bunu nəzərə alıb, gələcəyin anası olacaq qızların kamil, intellektli, təhsilli insan kimi yetişməsinə şərait yaratmaq lazımdır. Erkən nikah gələcək qeyri-sağlam ailə, sağlamlıq imkanı məhdud övlad, psixoloji cəhətdən tamamlanmamış qadın və bir sözlə qeyri -müəyyən gələcək deməkdir. Ailə müqəddəsdir, hər kəs bu müqəddəsliyin qorunub saxlanılması üçün qanunun müəyyən etdiyi yaş həddinə çatmalı, bir ailənin, bir münasibətin, bir övladın məsuliyyətini dərk etməlidir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31