İlon Maskın interneti Azərbaycanda - Qiymətlər qonşu ölkələrdən UCUZDUR

Amerikalı milyarder İlon Maskın "SpaceX" şirkətinin ​"Starlink" peyk internet xidməti bu gün etibarilə Azərbaycanda aktivləşdirilib.

Azərbaycanlı istifadəçilər "Starlink" xidmətindən yararlanmaq üçün "Starlink Mini Kit" və ya "Starlink Standard Kit" cihazlarından birini əldə etməlidirlər. Bu cihazların qiyməti müvafiq olaraq 340 və 670 manatdır, çatdırılma haqqı isə 50 manat təşkil edir. Xidmətin aylıq abunə haqqı 100 manat müəyyən edilib.​

Qeyd edək ki, "Starlink" aşağı Yer orbitində yerləşən minlərlə peykdən istifadə edərək yüksək sürətli və aşağı gecikməli internet xidməti təqdim edir. Müxtəlif bölgələrdə aparılan sınaqlar nəticəsində yükləmə sürətləri 50 Mbit/s-dən 500 Mbit/s-ə qədər dəyişir, bu da istifadəçilərə axın ötürülməsi, onlayn oyun və video konfrans kimi fəaliyyətləri rahatlıqla həyata keçirməyə imkan verir.​

"Starlink" xidməti sürətli və etibarlı internet bağlantısı təmin etdiyi üçün dünya üzrə müsbət rəylər alır. Xüsusilə internet infrastrukturu zəif olan bölgələrdə bu xidmət yüksək qiymətləndirilir.

2025-ci ilin mart ayına olan məlumata görə, "Starlink" 130-dan çox ölkə və ərazidə fəaliyyət göstərir. Son dövrlərdə xidmətə qoşulan ölkələr arasında Ermnistan, Monqolustan, Argentina, Albaniya və Oman da var. ​

"Starlink" xidmətinin qiymətləri ölkədən ölkəyə dəyişir. Məsələn, Avstraliyada istifadəçilər aylıq abunə haqqı olaraq təxminən 139 Avstraliya dolları (təxminən 236 manat) ödəyirlər. Cihazların qiyməti isə təxminən 924 Avstraliya dollarıdır (təxminən 1,570 manat).

Modern.az-ın araşdırmasına görə, MDB ölkələri arasında Gürcüstan və Ermənistan artıq "Starlink" xidmətindən yararlanır. 

Gürcüstanda avadanlıq 1780 lari (1094 manat), çatdırılma 235 lari (145 manat), aylıq abunə haqqı isə 160 laridir (98 manat). Ermənistanda cihazın özü və çatdırılması 499 dollar (848 manat), aylıq abunə haqqı 99 dollardır (168 manat).

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında bu xidmətdən ilk istifadə edən ölkə Azərbaycandır. Hazırda Türkiyə, Qazaxıstan və Özbəkistanda xidmətin aktivləşdirilməsi üçün danışıqlar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31