ÖLÜMSÜZ ÖMÜR YAŞAYANLAR


   Qəhrəmanların ölümü, ölümdən uzaq, ölümsüz ömrünə başlamaqdır. Yenidən dirilişdir, gələcəyə ismarıcdır, "Hər şey yaxşı olacaq" həqiqətinə inanmaqdır. Və sonra da əbədi yaşamaqdır -  əqidəmizdə, sevgimizdə, düşüncələrimizdə, iradəmizdə, ideallarımızda...  
  Azərbaycan xalqı tarixini yaradan və yaşadan şəxsiyyətlərinə, qəhrəman övladlarına hər zaman böyük sevgilə yanaşmış, onları tariximizin ən üst səhifəsində yerləşdirmişdir. Fərqi yoxdur savaşda olsun, iş başında olsun, xidmətdə olsun, səmada olsun, dənizdə olsun. Əsas odur ki, vəzifəsini şərəflə icra edərkən aid olduğu millətə xidmət etmiş və yeri gələndə yaşamaq hüququndan keçmişdir.  
 Polşada yaşayan və təhsil alan gənclərimiz Azərbaycanın Milli Qəhrəmanı Hokümə Əliyevanın yarım qalmış həyatını, ideyalarını, ən başlıcası təhsilini öz təhsil həyatlarında və düşüncələrində yaşadır. Polşq Azərbaycanlıları Şurasının tərkibində fəaliyyət göstərən Polşa Tələbə Qızlar Birliyinin qurucusu Fidan Həsənzadənin təşəbbüskarı olduğu və əmək sərf etdiyi Hokümə Əliyeva adına təqaüd proqramı yuxarıda dediklərimizi təsdiq edir. Fidan Həsənzadənin Polşada təhsil alan bütün gənclərlə demək olar ki, əlaqə yaradıb, xüsusilə də tələbə qızlarla. 
 Martın 20-də Varşavadakı Azərbaycan evində Milli Qəhrəman Hokümə Əliyevanın əziz xatirəsinə təsis edilmiş təqaüd proqramının qalibləri açıqlandı. Təqaüdlər 70 nəfərin arasından seçilərək ən yüksək akademik göstəricisi olan 7 tələbə qızlar arasında tam ədalətli şəkildə qiymətləndirildi.
 Təqaüdün təsisçisi - Varşavada fəaliyyət göstərən Polşa Azərbaycanlıları Şurası, eyni zamanda Varşavadakı Azərbaycan evinin rəhbəri, bir çox ilklərə imza atmış Fərid Cəfərlidir. Azərbaycan evində keçirilən təqaüd qaliblərinin açıqlanması tədbirində iştirak edən Fərid Cəfərli qalib qızlara sertifikatları təqdim etmişdir.
 Tədbirin açılışı emosianallığı ilə hər kəsi duyğulandırdı, xalqımızın qəhrəman qızı Hokümənin atası Cəlil Əliyev videoformatda tədbirə qoşulub, qaliblərə uğurlar arzuladı və məhz qızı kimi elmdə yüksək nailiyyətlər qazanacaqlarına ümid etdiyini bildirdi.
 Hokümə xanımın həyat yoldaşı Etibar Əliyev də zoom vasitəsilə tədbirimizə qoşulub tələbələrlə online şəkildə tanış oldu, onlara xoşbəxt gələcək arzuladı. 
 Onuda qeyd edimki, Polşa Azərbaycanlıları Şurasının Varşava üzrə koordinatoru kimi mən və şuranın digər nümayəndəsi Azərbaycanda olarkən Hokümə xanımın ailəsini ziyarət edib, təqaüdlə bağlı onlara məlumat vermişdik. Ailə bu xəbərə çox sevinmiş, gənclərə uğurlar arzulamış və bizim bu addımımız onlar üçün böyük təsəlli qaynağı olacağını bildirmişdir.

Tuncay Novruzzadə,
 Polşa Azərbaycanlıları Şurası idarə heyətinin üzvü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31