Novruz bayramı cəmiyyətin birliyi baxımından mühüm əhəmiyyət daşıyır- ÖZƏL
18 Mart 2025 14:45 Sosial"Müasir dövrdə Novruz bayramı yalnız qədim adət-ənənələrin qorunması ilə məhdudlaşmır. Eyni zamanda, bu bayram cəmiyyətin birliyi baxımından mühüm əhəmiyyət daşıyır. Rəqəmsallaşan dünyada fərdiləşmə və izolasiya meylləri artdıqca, Novruz kimi bayramlar insanların bir-biri ilə ünsiyyətini gücləndirir, cəmiyyətin bütövlüyünü daha da möhkəmləndirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədən sonra Novruz tonqalları işğaldan azad edilmiş doğma torpaqlarımızda qalanır. Bu illər ərzində dövlət başçısının iştirakı ilə Novruz bayramı yüksək təntənə ilə 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talışda, 2024-cü ildə isə Xankəndidə qeyd olunub. Bu mərasimlər təkcə milli-mənəvi dəyərlərimizin təntənəsi deyil, həm də bərpa olunmuş torpaqlarımızda həyatın dirçəlməsinin, əzəli yurd yerlərimizə qayıdışın simvoluna çevrilib. Digər tərəfdən, Novruz bayramı ərəfəsində dövlət başçısının imzaladığı əfv sərəncamları da humanizm və mərhəmət prinsiplərinə əsaslanan dövlət siyasətinin bariz nümunəsidir. Hər il yüzlərlə ailənin sevincinə səbəb olan bu qərarlar cəmiyyətə sosial həmrəylik və insanpərvərlik çağırışıdır".