Novruz dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır- ÖZƏL

"Novruz milli-mənəvi dəyərlərə malik olan, tarixi yaddaşı yaşadan və cəmiyyəti birləşdirən unikal bayramdır. Bu bayram əsrlər boyu formalaşaraq xalqın həyat tərzinə inteqrasiya olunmuş və milli şüurun ayrılmaz hissəsinə çevrilmişdir. Novruz həm də humanizm, bərabərlik və mənəvi dəyərlərin qorunması baxımından bəşəriyyətin ortaq mirasıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Ulu Öndər Heydər Əliyev bu bayramın Azərbaycan xalqı üçün əhəmiyyətini yüksək dəyərləndirərək qeyd etmişdir: "Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Novruz bayramı cəmiyyətin fərqli təbəqələrini birləşdirən sosial körpü funksiyası daşıyır. Bu bayram sosial bərabərlik prinsipinin ən gözəl nümunəsidir. Sosial qütbləşmənin artdığı müasir dövrdə bu cür mərasimlər cəmiyyətin birliyinin qorunması baxımından mühüm önəmlidir. Novruz həm də insanların daxili dünyasına yönələn və onu saflaşdırmağa yönəlmiş mənəvi məzmun daşıyır, xalqın qədim adət-ənənələrini yaşadan mənəvi dəyərlərin təcəssümüdür.
Novruz qədim dövrlərdən gələn fəlsəfi düşüncəni və həyat fəlsəfəsini ehtiva edir. Su, od, hava və torpaq ünsürləri sadəcə təbiətə aid elementlər deyil, həm də insan həyatının müxtəlif dövrlərini və xarakter tipologiyasını simvolizə edir. Bu simvolların Novruzda yaşadılması qədim dünyagörüşünün bu gün də yaşadığını və onun yeni nəsillərə ötürüldüyünü sübut edir. Həmçinin, Novruz bayramı xalqın tarixi yaddaşını yaşadan bir mədəni institutdur. Bayram vasitəsilə nəsillərarası bağlılıq təmin olunur, milli kimlik qorunur və gələcək nəsillər üçün keçmişin dəyərləri aktuallaşdırılır. Əsrlərdir yaşadılan bu ənənələr həm milli ruhun, həm də mədəni kimliyin formalaşmasında mühüm rol oynayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31