Azad olunmuş ərazilərdə meşə və xüsusi mühafizə olunan ərazilərin xəritələri hazırlanacaq
11:46 SosialAzad olunmuş ərazilərdə meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərinin xəritələri hazırlanacaq."Olaylar"ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb. Qeyd edilib ki, hesabat dövründə torpaqların elektron kadastr uçotu, yerquruluşu və torpaq tədqiqatları istiqamətində işlər davam etdirilib. Nəzərdə tutulan 229 veni salınacaq yaşayış məntəqəsinin ətrafında yerləşən əkinə yararlı torpaq və örüş-otlaq sahələrinin ölçüləri, meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərinin sərhədləri müəyyən edilmiş və digər kadastr göstəriciləri uçota alınaraq Torpaqların Elektron Kadastrı Uçotu İnformasiya Sisteminə (TEKUIS) miqrasiya işləri yekunlaşıb. Bu tədbirdən irəli gələn infrastruktur obyektlərinin dislokasiyası, yeraltı mineral-xammal, yerüstü və yeraltı su ehtiyatları, meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərinin sərhədləri və digər kadastr göstəriciləri aidiyyəti dövlət orqanları tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edildikdən sonra xəritələrin hazırlanması tam başa çatdırılacaq.
İşğaldan azad olunmuş ərazilərdə torpaqların elektron kadastr uçotu işləri çərçivəsində Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Xocavənd, Xocalı, Ağdərə rayonları və Şuşa şəhəri üzrə ümumilikdə 1203,4 min ha ərazidə yerquruluşu üzrə çöl-ölçmə işləri yekunlaşıb.