Eldar İbrahimov - 80
15:04 SosialMillət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa
Millət vəkili həmkarı, tanınmış ictimai-siyasi xadim Eldar İbrahimovu 80 illik yubileyi münasibətilə təbrik edib.
Təbrik məktubunda yubilyarın parlament fəaliyyəti xüsusi vurğulanır:
"Hörmətli Eldar müəllim,
Sizi 80 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyirəm!
Siz, tanınmış ictimai-siyasi xadim, iqtisad elmləri doktoru, professor olaraq ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli, səmərəli fəaliyyətinizlə seçilirsiniz.
Parlament fəaliyyətiniz həyatınızda xüsusi mərhələ təşkil edir. On birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin və Azərbaycan Respublikası Milli Məclisinin bütün çağırışlarının üzvü seçilmisiniz.
Sizin qələmə aldığınız çoxsaylı elmi, publisistik məqalələr və kitablar müvafiq sahə üzrə ictimai-siyasi, elmi fikrin formalaşmasına öz təsirini göstərmişdir.
1961-ci ildən başlayan məhsuldar əmək fəaliyyətiniz boyunca müxtəlif məsul dövlət vəzifələrində çalışaraq, bilik və bacarıqlarınızı xalqımızın rifahına yönəltmisiniz. Harada və hansı vəzifədə çalışmağınızdan asılı olmayaraq, Siz hər zaman peşəkarlığınız, işgüzarlığınız və xeyirxahlığınızla fərqlənmisiniz.
Hazırda Milli Məclisin İntizam komissiyasının sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərisiniz.
Dövlət qarşısında xidmətləriniz yüksək qiymətləndirilmiş, Siz 1-ci dərəcəli "Vətənə xidmətə görə" (2025), "Şərəf" (2015) və "Şöhrət" (2005) ordenləri ilə təltif olunmusunuz.
Sizi bu əlamətdar yubiley münasibətilə bir daha təbrik edir, möhkəm cansağlığı arzulayıram"!