Qadınlar mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar- ÖZƏL

"Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrində möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər". "Olaylar" xəbər verir ki, bunu YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov deyib: "1998-ci il sentyabrın 25-də Azərbaycan qadınlarının ilk qurultayı keçirilmiş və bu mötəbər tədbir dövlət gender siyasətinin tarixində mühüm hadisə olmuşdur. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində qadınların daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə edilmiş və hər beş ildən bir Azərbaycan qadınlarının qurultayının keçirilməsi qərara alınmışdır. 1998-ci ildən başlayaraq keçirilən bu qurultaylar dövlət gender siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31