Qarlı havada neçə nəfər sığınacağa müraciət edib? - AÇIQLAMA

Neçə gündür ölkə ərazisinə qar yağır. Bəzən parklarda, yol kənarlarında yatan insanlara rast gəlirik. Bu şəxslərin arasında əksəriyyəti sərxoşlar, tüfeyli həyat sürənlər olsa da, yaşayacaq evi və yeməyi olmayanlar da var.

Olaylar.az xəbər verir ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Trend-ə açıqlamasında bildirib ki, son günlər agentliyin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə beş müraciət qeydə alınıb.

"Müəssisəyə qəbul olunanlar 6 ay (180 gün) ərzində müvafiq xidmətlərlə təmin olunurlar və bu müddətdə günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər.

Hazırda müəssisənin müxtəlif şöbələrində ümumilikdə 78 nəfərə xidmət göstərilir. Onlardan 46-sı kişi, 32-si qadındır".

M.Həşimov bildirib ki, müəssisə 2017-ci ildən fəaliyyət göstərir.

"Müəssisənin müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin sosial reabilitasiyası şöbəsinə qəbul üçün vətəndaşlar müraciətlərini Sosial Xidmətlər Agentliyinin (012) 525 41 30 qaynar xətti, (050) 525 41 30 WhatsApp sosial platforması, eləcə də, Agentliyin sosial media hesabları vasitəsilə ünvanlaya bilərlər", - o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31