Sağlığında qiymət verin insanlara

Mənim bu günki məqaləmin qəhrəmanı hamınızın sevdiyi, rollarını sevə-sevə izlədiyimiz Xalq artisti və Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü Fatma xanım Mahmudovadır. Öncə onu deyim ki, Fatma xanımı uşaqlıqdan izləmişəm. O zamanlar "Piriverdinin xoruzu" adlı komediya janrında filmdə Həlimə obrazını canlandıran məhz Fatma Mahmudova idi. Uşaq vaxtlarından incəsənətə böyük həvəsim olduğu üçün filmlərə baxırdım. ATV kanalında "Bacanaqlar" adlı serialda Bəsti obrazını canlandırıb.  Hətta orda dediyi sözlərin bəziləri hələ də yadımdadır. Fatma xanımın yaradıcılığı təkcə bu sadaladığlarımla bitmir. "Hərənin öz payı və öz tayın"da Mayılın anası Gülxanım, "Bakı Moskva qatarı"nda Sadıqın anası, " Bəylik dərsi", "Məşədi İbad 94" və s. filmlərdə müxtəlif obrazları canlandırıb. 
Fatma Mahmudova təkcə filmlərimizdə deyil, Azərbaycanın teatr sahəsində də müxtəlif obrazları canlandırıb və onlara gözəllik qatıb. 1968-1993 cü illərdə Ağdam teatrında çalışsa da, tale ona 1994 - cü ildə Azərbaycan Dövlət Musiqili komediya teatrında aktrisa kimi çalışmasını və məhz bu teatrın səhnəsində müxtəlif obrazları canlandırmasını nəsib edib. Fatma xanımın "Bankir adaxlı"da ağı deyən Gülbikə obrazı, "Fərzəli kefkomda" Fərzəlinin həyat yoldaşı, "Adamın adamı"nda At Balaxanım, "Şeytanın yubileyi"ndə Məryəm, "Bir günlük siğə"də Adilə Dudu, "Məsmə xala dayımdır" da  Əsmər  və s. tamaşalarda obrazları canlandırıb. Fatma xanımı tanıyanlara da, tanımayanlara  da sənətkarımızı tanıtmağı özümə borc bildim. 
İndi isə keçək Fatma xanımla olan söhbətimizə. Öncə onu deyim ki, gözəlliyi və səsi ilə hər zaman səhnəmizi bəzəyən, oynadığı obrazlarla üzümüzü güldürən xanımın bu dəfə üzünün gülmədiyini görmək, sözün əsl mənasında, çətinliklə danışdığını görmək məni çox üzdü. Düzünü desəm məni Fatma xanımın evinə aparan əməkdar artist Nahidə Orucova oldu. Nahidə xanımla söhbətimiz zamanı mənə dedi ki Fatma xanıma baş çəkməyə gedəcəm gəl birlikdə gedək. Mən də sevimli aktrisamızı yaxından görmək, onunla həmsöhbət olmaq üçün birlikdə getdim. Fatma xanım özü bizi qarşılaya bilməsə də qızları bizi çox xoş qarşıladı. Sevimli sənətkarımızı görmək məni nə qədər sevindirdisə, məni bir o qədər də məyus etdi. Çünki mən həmişə bu xanımı səhnədə görmüşəm. Amma onu yataqda görməyə düzünü desəm, inanmazdım.
Gəldiyimiz üçün bizə təşəkkür etdi. Söhbət əsnasında  zəng edənlərə, xüsusilə də çalışdığı teatrın direktoru Əliqismət Lalayevə və teatrın kollektivinə onunla maraqlandığını və gəlib baş çəkdiklərinə görə öz minnətdarlığımı bildir: "Sağ olsun teatrımızın direktoru Əliqismət müəllim mənə zəng vurur halımı soruşur. Nəyə ehtiyacım olub-olmadığını soruşur.  Məni ruhlandırır, deyir ki, ayağa qalx, gəl yeni tamaşalarda yeni obrazları oyna.  Ona çox minnətdaram". Fatma xanım sənət yoldaşlarını da unutmadı  əməkdar artist Kübra Əliyeva, əməkdar artist Əkbər Əlizadə, əməkdar artist Ələkbər Əliyev, əməkdar artist Nahidə Orucova və aparıcı Lalə Azərtaşın  ona zəng vurduğunu, müğənni əməkdar artist Mətanət İsgəndərlinin evinə gəlib ona baş çəkdiyini də bildirərək təşəkkür4nü dilə gətirdi. Qeyd etdi ki "Xəzər" TV nin rəhbəri Xalq artisti Murad Dadaşov və aktyor Elməddin Cəəfərov da hər gün mənə zəng vurur hətta gəlib baş çəkir: "Elməddin mənim təkcə serialda yox, həyatda da oğlumdur, onu çox istəyirəm, sağ olsun həm zəng vurur, həm də ziyarətimə gəlir. Bir sənətkara bundan artıq nə lazımdır ki?! Gələnlər də sağ olsun gəlməyənlər də".... 
Məni üzən məqam isə o oldu ki, o bir dəfə də demədi ki Mədəniyyət Nazirliyindən kimsə ona zəng vurub, ya da baş çəkib. Söhbət əsnasında dedi ki yəqin ki cənab nazirimizin mənim vəziyyətimdən xəbəri yoxdur.  Xəbəri olsaydı belə laqeyd yanaşmazdı. Çünki hər zaman mənim sənətimə və özümə ölkə başçısı İlham Əliyev və mədəniyyət nazirimiz tərəfindən qiymət verilib. Hətta onu da vurğuladı ki, istərdim mən və mənim kimi sənətkarlarla daima maraqlansınlar hal əhval tutsunlar: "Axı biz yaşlı nəsil sənətkarları bu xalqa və mədəniyyətə xidmət etmişik". 
Bu an xalq şairi Cabir Novruzun " Sağlığında qiymət verin insanlara"  adlı şeiri yadıma düşdü . Şairimiz dediyi sözlərində haqlıdır. Biz gərək hər kəsə sağlığında qiymət verək. Ümid edirəm ki, adını çəkdiyim qurum bundan sonra Fatma xanımla yaxından maraqlanacaq. Axı, hələ heç də gec deyil.... 
Gəlin sağlığında sənətkarlarımıza dəyər verək ki, itirdiyimiz zaman üzülməyək. Sonra hər şey gec olacaq.
Nəzərinizə çatdırım ki Fatma xanım 2025 ci il yanvar ayında insult  keçirib.
Fatma xanım əzizim sizə isə Allahdan can sağlığı və uzun ömür arzulayıram. İnşallah ayağa qalxıb yenidən səhnəmizin o gözəl gülər üzünüzlə və səsinizlə, oynadığınız gözəl obrazlarla bəzəyəsiz. 

Ənvər MƏMMƏDOV

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31