Şəhid Kənan Əhmədovun cənnətdəki mövludu qeyd edilib- ÖZƏL
17 Fevral 2025 10:58 SosialMilli Məclisin deputatı Elnarə Akimovanın təşəbbüsü ilə şəhid Kənan Əhmədovun cənnətdəki mövludu geniş şəkildə qeyd olunub. "Olaylar"ın məlumatına görə, bu barədə millət vəkili özü məlumat verib: "Ötən ilin avqustu idi, təbliğat-təşviqat vaxtı şəhid Kənan Əhmədovun evini ziyarət etdiyim zaman anası Narifə xanım bircə xahiş etmişdi məndən, "Gələn il, fevralın 15-i oğlumun otuz yaşı tamam olur, çox istəyirəm onun cənnətdəki mövludu geniş qeyd olunsun. Bu mənə ən böyük təsəlli olar", - demişdi. Elə oradaca söz vermişdim anaya. Dediyiniz kimi də olacaq, demişdim. O vaxtdan bu yana yaddaşımın bir küncünə həkk etmişdim 15 fevral tarixini. Yanvar ayı olan kimi Nigar Vəliyevaya bu təşəbbüsümü bildirdim. Dərs dediyi 35 saylı məktəbin şagirdləri ilə hazırlıqlara başladı. Əli Kərim adına Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı işlədiyi məkanı ürəklə ixtiyarımıza verdi. Şənbə günü, fevralın 15-i şəhidimizin adına hazırladığımız tədbir baş tutdu, ailəsi, yaxınları, şəhid anaları, şəhidin adını tutub gələn hər kəs, AYB Sumqayıt bölməsinin direktoru, dəyərli Gülnarə Cəmaləddin yüksək səviyyədə gerçəkləşən tədbirin iştirakçısı oldular. Əhmədov Kənan Ləzgi oğlunun qəbrini yad elədik, ruhuna dualar oxuduq, adına ehsan süfrəsi verdik. Mənim təşəbbüsümə qoşulub ürəklə yanımda olanlara, xüsusilə şəhid ailələri ilə daimi ünsiyyətdə olan, onlara təmənnasız qayğıdan zövq alan, öz vətən sevgisini şagirdlərinə də aşılayan, dünənki tədbiri də öz balaca fidanları ilə rövnəqləndirən əziz Nigar Vəliyevaya dərin təşəkkürümü bildirirəm. Allah vətənimizin azadlığı, torpağımızın bütövlüyü uğrunda canından keçən bütün igid oğullarımıza rəhmət eləsin!"




