İnformasiya müharibəsi və müasir gənclik
14 Fevral 2025 11:22 SosialHal-hazırda təbliğat və kommunikasiya hərbi strategiyanın bir hissəsi hesab olunur. Müasir müharibə yalnız döyüş əməliyyatları ilə məhdudlaşdırılmır, o həmçinin diplomatiya, iqtisadiyyat, informasiya və təbliğat sahəsində də davam edir. Hər zaman kəşfiyyat xidmətləri tərəfindən rəqib haqqında əldə olunan informasiya, hərbi əməliyyatların aparılması üçün əhəmiyyətli dərəcədə kömək göstərir.
XXI əsrin texnologiyalar əsri olması informasiya axınının dünyanın hər yerində sürətlənməsinə gətirib çıxarıb. Belə bir dövrdə hətta bu texnologiyaları yaradan dövlətlər də onun qarşısında aciz qala bilir, daha dəqiq desək, onun "əsirinə" çevrilirlər. Yaradılan texnoloji imkanlar sayəsində daha asan və sürətlə yayılan informasiya bazası formalaşır və informasiya bilavasitə insanlara təsir edir, onları yönləndirə bilir. Bu isə istənilən cəmiyyətə və dövlətə müxtəlif sahələrdə - siyasətdə, iqtisadiyyatda, hərbdə özünü ifadə etmək baxımından ideal vasitə hesab edilir. Yeni imkanlar artdıqca onların fərqli sahələrə tətbiqi yeni terminlərin də yaranmasına gətirib çıxarır. Son illər ən çox istifadə edilən terminlərdən biri də "informasiya müharibəsi" ifadəsidir.
Müasir dövrdə baş verən hərbi toqquşmalar və müharibələr onu deməyə əsas verir ki, qarşı tərəf üzərində üstünlük təkcə silah gücünə deyil, həm də informasiyanın gücünə əldə edilir. Bu sahədə zəif olan tərəf, digər baxımdan nə qədər güclü olmasına baxmayaraq, ağır məğlubiyyətlə üzləşə bilər. İnformasiyanın toplanması, ələ keçirilməsi, operativ reaksiya və digər bu kimi proseslər düşmənlə aparılan informasiya müharibəsində böyük üstünlük yaradır. Başqa sözlə informasiya müharibəsi informasiya məkanında mühüm əhəmiyyət daşıyan, informasiya sistemlərinə, proseslərə, resurslara mühüm təsir göstərən vasitədir. Dünyada yaşanan müharibə təcrübələri də göstərir ki, praktik müharibə ilə yanaşı, informasiya savaşı da olduqca vacib məsələdir. Necə ki, ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin timsalında bu savaşdan da üzüağ çıxdı. Dünyanın bir neçə nüfuzlu media qurumlarına müsahibələrində Prezident İlham Əliyev ermənilərin xəbis, faşist simalarını ifşa edib, onların yalan və böhtanlarını puça çıxarmaqla qərəzli mövqe tutan jurnalistləri əsaslı fakt və dəlillərlə susdurdu. Məhz bu müsahibələrin nəticəsi idi ki, mövcud reallıqlar olduğu kimi, təhrif olunmadan bütün dünyaya bəyan edildi, ölkəmiz hərb cəbhəsi ilə yanaşı, siyasi cəbhədə və informasiya savaşında qalib oldu.
Bu gün Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, onlar ictimai həyatın bütün sferalarında aparıcı qüvvəyə çevrilib, dövlət quruculuğu prosesində mühüm rol oynayır, həyata keçirilən siyasi-iqtisadi, humanitar layihələrin reallaşmasında vacib və fəal iştirakçıya çevrilirlər. Yüksək vətənpərvərlik ruhu, vətənə bağlılıq gənclərimizin həyat amalı olmaqla onların həyatının sonrakı dövrlərində əsl nümunəvi vətəndaş olmalarında əhəmiyyətli rol oynayır. Müzəffər Ali Baş Komandanından ilhamlanan, qüdrətli ölkənin vətəndaşı olan Azərbaycan gəncliyi biliyi, potensiyalı ilə doğma yurdumuzun inkişafında, rifahında xüsusi xidmətlər göstərir, ölkəmizə qarşı istifadə olunan qərəzli və yalan məlumatlara qarşı dərhal yüksək peşəkarlıqla elmi və tarixi faklarla cavab verərək qarşı tərəfi məyus edir. Gənclərimiz sosial media platformalarında, forumlarda aktiv şəkildə iştirak edərək dezinformasiyalara qarşı inamla mübarizə aparır, Azərbaycanın mövqeyini uğurla müdafiə edirlər. Müxtəlif xarici dillərdə təşviqat kampaniyaları təşkil edilərək bəyanatların beynəlxalq təşkilatlara ünvanlanması, sosial şəbəkələr üzərindən postların paylaşılması, müxtəlif həştəqlərdən istifadə edərək dünya trendinə gerçəklərin çatdırılması gənclərimizin fəaliyyətində mühüm yer tutur. Günümüzdə ictimai həyatın bütün sferalarında aparıcı qüvvəyə çevrilmiş Azərbaycan gəncliyi milli-mənəvi ənənələrə bağlılıqla, vətənə sevgi ilə fəaliyyətini qurur, ölkəmizin inkişafına öz töfhələrini verir.
Ələkbər Kərimov
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının
"Rəhbər kadrların yenidən hazırlanması"
fakultəsinin II kurs magistrantı