Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaqlar
17:03 SosialKosmik texnologiyalar sahəsində yeniliklər hər gün, hər saat inkişaf edir. Yeni texnologiyalar həm elmi tədqiqatların daha dərindən öyrənilməsinə, həm də kommersiya məqsədli layihələrin inkişafına təkan verir. Xüsusilə kosmosda fəaliyyət göstərən cihazların miniatürləşdirilməsi, yəni kiçikölçülü, yüngül, lakin yüksək funksionallığa malik cihazların hazırlanması bu sahədə yeni inqilabi dövr açır.
Bu barədə Olaylar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Azərbaycan kosmik tədqiqatlar sahəsində öz mövqeyini getdikcə gücləndirir. Son illərdə milli peyk proqramlarının həyata keçirilməsi, innovasiya müsabiqələrinin təşkili və Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat (STEM) təhsilinin inkişafı istiqamətində atılan mühüm addımlar gənc nəslin bu sahəyə marağını artırır və ölkədə texnoloji inkişafı sürətləndirir.
Məktəblərin müasir texnoloji avadanlıqlarla təmin edilməsi və müəllimlərin peşəkar inkişafı istiqamətində atılan addımlar da şagirdlərin gələcək uğurlarında mühüm rol oynayır. Xüsusilə kosmik yeniliklərlə bağlı seminarlar, təlim proqramları və layihələr vasitəsilə şagirdlər kiçik yaşlarından müasir texnologiyaların necə işlədiyini öyrənir və bu sahədə öz gələcək karyeralarını qurmağa təşviq olunurlar.
Qeyd edək ki, Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın bu sahədə göstərdiyi təşəbbüslərin rolu əvəzolunmazdır.
Bu təşəbbüslər gəncləri yalnız nəzəri biliklərlə məhdudlaşdırmır, həm də real qlobal problemlərin həll yollarını tapmağa istiqamətləndirir. Məktəblilər arasında keçirilən innovasiya müsabiqələri, elmi konfranslar və texnologiya sərgiləri gənclərin öz ideyalarını təqdim etməsi və beynəlxalq səviyyədə tanınması üçün əlverişli platforma yaradır. Bu tədbirlərdə şagirdlər öz layihələrini inkişaf etdirərək mühəndislik, proqramlaşdırma və tədqiqat sahələrində təcrübə qazanırlar.
2025-ci ildə bu təşəbbüslərin zirvə nöqtələrindən biri olaraq "SpaceX"daşıyıcı raketi vasitəsilə"PocketQube" piko-peykinin kosmik orbitə buraxılması planlaşdırılır. Bu layihə KOSMİK Akademiyanın təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyi, Azərbaycan Respublikası Təhsil İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, "Paşa Holdinq", Braziliya Kosmik Agentliyi və Braziliyanın "IDEIA Space" şirkətinin dəstəyi ilə keçirilən "Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi"çərçivəsində 7-9-cu sinif şagirdləri arasında baş tutacaq.
"PocketQube" peykləri ilk dəfə 2013-cü ilin noyabr ayında orbitə buraxılıb. Bu buraxılış Avstriyaya məxsus "UniSat-5" platforması vasitəsilə həyata keçirilib və layihə çərçivəsində bir neçə minipeyk, o cümlədən "WREN" (Almaniya), "T-LogoQube" (ABŞ) və "QBScout-1" (İtaliya) peykləri orbitə yerləşdirilib. Bu konsepsiya yalnız texnoloji tərəqqinin məhsulu deyil, həm də kosmosun hamıya aid olduğu ideyasının bir növ simvoludur.
Standart olaraq ölçüsü 5x5x5 sm, çəkisi isə təxminən 250 qr olan bu peyklər möhkəm materiallardan (alüminium ərintiləri, karbon kompozitlər) hazırlanır ki, bu da həm mexaniki davamlılığı, həm də istilik idarəetməsini təmin edir.
"SpaceX"in "birgə buraxılış proqramı" ("rideshare") vasitəsilə kiçik peyklərin orbitə buraxılması xərclərinin azalması layihənin iqtisadi baxımdan daha əlçatan olmasını təmin edir. "Rideshare" proqramının mahiyyəti ondan ibarətdir ki, bir raket buraxılışı zamanı müxtəlif müştərilərə məxsus olan kiçikölçülü peyklər eyni anda orbitə çıxarılır.
Bundan əlavə, "SpaceX"in yüksək etibarlı buraxılış platforması "PocketQube" peykinin təhlükəsiz şəkildə orbitə çatdırılmasını təmin edəcək və layihənin texniki və elmi məqsədlərinin uğurla həyata keçirilməsinə imkan yaradacaq.
Bu təşəbbüslər azərbaycanlı məktəblilərin beynəlxalq kosmik texnologiyalara inteqrasiyasını, qabaqcıl texnologiyaların təhsilə mühüm təsirini, məktəblilərin rəqəmsal savadlılığının artırılması istiqamətində atılan addımların rolunu bir daha vurğulayır.
Bundan əlavə, bu layihələr gəncləri məktəb yaşlarından yerli və beynəlxalq səviyyədə yeni əməkdaşlıq qurmağa, praktiki tətbiqlər vasitəsilə nəzəri biliklərini mürəkkəb layihələrdə tətbiq etməyə təşviq edir.