Reklama dair ümumi tələblər dəyişir

Reklama dair ümumi tələblərə əlavə və dəyişikliklər edilir.

Olaylar.az xəbər verir, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Reklam haqqında" Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, istehsalının (satışının) lisenziyalaşdırılması, sertifikatlaşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə biləcək. Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda, müvafiq lisenziyanın və (və ya) sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.

Bundan əlavə reklam daşıyıcısının xüsusiyyətlərindən asılı olaraq reklam olunan əmtəə barədə ətraflı məlumatın verilməsi məqsədilə reklamda müvafiq keçidlərdən, eləcə də qısa nömrələrdən istifadə oluna biləcək. Bu halda reklam olunan əmtəə barədə müvafiq keçidlərdən istifadə etməklə verilən məlumat reklamda istifadə olunan məlumata zidd olmamalı, onun tamlığına xələl gətirməməlidir.

Reklamda əmtəə barədə verilən məlumatlar reklam istehlakçısı tərəfindən açıq və başa düşülən formada ifadə edilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31