Umayra Tağıyeva yanvarda havaların isti keçməsindən danışdı
13:45 Sosial"Əvvəlcədən proqnozlaşdırıldığı kimi hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur. Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması nəticəsində inversiya dumanı formalaşır".
Olaylar.az xəbər verir ki, bunu ekologiya və təbii sərvərlər nazirinin müavini Umayra Tağıyeva deyib.
O bildirib ki, ötən günlərdə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16 dərəcə isti qeydə alınıb: "Ötən gün iqlim normasından 6.7 dərəcə yüksək olub. İqlim normasından yüksək temperatur rejimi regionlarda da qeydə alınır. Əsasən sakit küləksiz havada həm də inversiya qatının yaranması dumanlı hava üçün əlverişli şərait sayılır. Hazırda Sumqayıt, Binə, Quba, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Şəmkir, Lerikdə dumanlı hava şəraiti müşahidə olunur və görünüş 200 metrədək məhdudlaşır".
Umayra Tağıyevanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 3-ü gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir: "Dekabr və yanvar aylarında orta aylıq temperatur normadan 1.2 dərəcə yuxarı olub. Fevral ayının ilk günlərində normadan nisbətən yüksək temperatur rejimi davam edəcək. Hər il olduğu kimi soyuq dövrlər fevral ayı ərzində istisna edilmir və əhaliyə bu barədə 3-4 gün öncədən xəbərdarlıqlar təqdim olunur.
Fevral ayının birinci ongünlüyünün ikinci yarısından başlayaraq hava şəraitinin dəyişəcəyi, temperaturun aşağı enəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, yağıntılı olacağı proqnozlaşdırılır".