İnsanların hüquq və azadlıqları yüksək səviyyədə qorunmasa...

İstiqamət: insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial, siyasi fəallığının artırılması dövlətin ən vacib siyasi xətlərindən biridir. İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir. Bu istiqamətdə tədbirlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır.
 
Siyasi ekspert Aydın Quliyev də bildirir ki, vətəndaşların hüquq və azadlıqlarının yüksəldilməsi, gücləndirilməsi, siyasi mədəniyyət səviyyəsinin və sosial siyasi fəallığının artırılması iki çox mühüm, vacib istiqamətdir:

"Hüquq və azadlıqların genişləndirilməsindən öncə yazılmış və təsbit olunmuş hüquq və azadlıqların icrasının ən yüksək səviyyədə təşkil olunması vacib bir məsələdir. Hansılar ki, Azərbaycanda Konstitusiya  və müəyyən qanun normaları ilə artıq təsdiqlənib. 
Ədalət naminə demək lazımdır ki, insan hüquq və azadlıqların məsuliyyətlərinin, hüquqi qanunvericilik müstəvisində təsbit olunmasında Azərbaycan dünyada önəmli yerlərdən birini tutur. Elə bir insanın fundamental və yaxud da ki, əldə olunmuş, cəmiyyət tərəfindən təqdim olunmuş hüquq və azadlıqları ola bilməz ki, o, Azərbaycanda qanunvericilikdə olmasın. İstər siyasi, istər iqtisadi, istər sosial sahədə insanların, vətəndaşların hüquqları və vəzifələri Konstitusiyada və müxtəlif rəsmi sənədlərdə çox yüksək səviyyədə təmsil olunub. Bütün bunlar deməyə əsas verir ki, insanların hüquq və azadlıqlarının sadəcə olaraq təsbit olunduğu rəsmi sənədlərin icrasının təşkil olunması çox böyük bir məsələdir və bununla böyük nəticələrə nail ola bilərik. Yəni Azərbaycanda nəyisə kəşf etməyə ehtiyac yoxdur. Dünya insan hüquq və azadlıqlarına, müxtəlif bəyannamələrə, Avropa Konvensiyalarına uyğun və onlardan da üstün şəkildə  Azərbaycan insan hüquqları azadlıqları və vəzifələri qanunvericilik yolu ilə müəyyənləşdirilib. Sadəcə, bunların praktik şəkildə tətbiqi məsələsində həm cəmiyyət aktiv olmalıdır, həm dövlət orqanları, məmurlar sona qədər maraqlı olmalıdırlar, həm də vətəndaşların özləri bunun nə qədər vacib olduqlarının fərqinə varmalıdırlar. 
Azərbaycanda dövlət səviyyəsində insanların hüquqlarının və azadlıqlarının qorunması, təsbit olunması, həyata keçirilməsi yönümündə  müxtəlif orqanların və aparıcı dövlət orqanlarının rəhbərlərinin fəaliyyəti göz qabağındadır. İnsafən, deyək ki, insan hüquq və azadlıqları yüksək səviyyədə icra olunur. Bunun icrasında hər bir kəs, dövlət qurumları maraqlıdır və bəzi ölkələrə xarakter olan vəziyyətdən fərqli olaraq, Azərbaycanda dövlət orqanları da, Prezident başda olmaqla, yuxarı səviyyəli məmurlar da insanların hüquq və azadlıqlarının qorunmasında və icrasında maraqlıdır. Çünki vətəndaşların hüquq və azadlıqları lazımi səviyyədə qorunmasa, bu cəmiyyətdə daim partlayış və daim gərginlik mənbəyi formalaşa bilər.
Xüsusilə də sosial, siyasi sahədə insanların hüquqlarından lazımi səviyyədə istifadə etmələri üçün lazım olan şəraitin yaradılması yönümündə dövlət yüksək səviyyədə fəaliyyət göstərir. İnsanların maariflənməsi, təhsil alması, sağlamlığının qorunması, asudə vaxtının təşkil olunması, yerli və mərkəzi idarəetmə sistemində iştirakı və s. baxımından insanların, vətəndaşların hüquqlarının həyata keçirmələri üçün lazım olan şəraitlər yaradılır. 
Digər tərəfdən, vətəndaşların siyasi mədəniyyət və siyasi, sosial fəallığının artırılması da çox mühüm bir vəzifədir. Deyim ki, bu vəzifələrin, yəni sosial, siyasi fəallığın və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi də məhz insan, vətəndaş hüquq və azadlıqlarının üzərində dayanır. İnsanın, vətəndaşın hüquq və azadlıqları lazımi səviyyədə qorunmasa, o, cəmiyyətdə vətəndaşların siyasi mədəniyyət səviyyəsindən və sosial, siyasi fəallığından təbii ki, söhbət gedə bilməz. Amma nəzərə alsaq ki, ölkədə vətəndaşların, insanların hüquq azadlıqlarının qorunması və icrası sistemi bitki şəkildə fəaliyyət göstərir, bu şəraitdə vətəndaşların sosial, siyasi fəallığından da, yüksək mədəni səviyyəsindən də danışmaq mümkündür. 
Siyasi mədəniyyət və sosial, siyasi fəallıq insanların ictimai və dövlət miqyaslı tədbirlərdə, proseslərdə iştirakının dərəcəsinin göstəricisidir. Yəni insanlar dövlət və ictimai miqyaslı proseslərdə necə iştirak edə bilirlər? Son dövrlərin hadisələrinə baxsaq, məsələn, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, Azərbaycan cəmiyyətinin siyasi fəallığı bir fakt kimi, həm də həlledici faktor kimi özünü göstərdi.  Azərbaycan vətəndaşları onların vəzifələrinin ölkəni qorumaqdan ibarət olduğunu lazımi səviyyədə dərk etməsəydilər, təbii ki, bu qədər siyasi fəallıq nümayiş etdirə bilməzdilər, vətəndaş fəallığı göstərə bilməzdilər. Yaxud da ki, siyasi mədəniyyətin səviyyəsindən danışanda insanların cəmiyyətdə baş verən hadisələrə reaksiyasını birinci növbədə göstərmək və demək lazımdır. 
Ümumiyyətlə, siyasi mədəniyyət vətəndaşların, çevrədə, cəmiyyətdə və dövlət həyatında baş verən hadisələrə reaksiya dərəcəsini göstərir. Adi insanlara yaxınlaşıb dövlət həyatında son həftələrdə, günlərdə baş verən hadisələrin nədən ibarət olduğunu soruşsan, sizə onlarla faktlar, onlarla hadisələr sadalaya bilərlər. Bu o deməkdir ki, cəmiyyət, insanlar  dövlət həyatındakı prosesləri izləyirlər, dövlətin daxildə və xaricdə atdığı addımlar onların marağındadır və bunu maraqla qiymətləndirmək istəyirlər. Bu, vətəndaşların siyasi mədəniyyətinin bir göstəricisidir və yaxud da ki, vətəndaşlardan ölkədə ictimai miqyaslı, lakin dövlət tərəfindən təşkil olunmuş hər hansı proseslə bağlı mövqeyi soruşulanda lazımi qədər məlumat verə bilirlər. Azərbaycan üçün nəyin yaxşı, nəyin pis olduğunu, Azərbaycanın daxili və xarici siyasətində nəyin düz, nəyin yanlış olduğunu vətəndaşların qiymətləndirməsi, əlbəttə, siyasi mədəniyyətin bir formasıdır. Yaxud da ki, Azərbaycanla bağlı hər hansı bir dünya miqyasında, hansısa bir mərkəzdən xoşagəlməz addım olanda, xoşagəlməyən düşmən niyyətli bir hadisə ortaya çıxanda, Azərbaycan cəmiyyətinin ən müxtəlif təbəqələrindən buna reaksiyalar görsənir. Qeyri -hökumət təşkilatlarının, medianın buna reaksiyası var. Bunlar da Azərbaycan cəmiyyətinin müəyyən siyasi fəallığının göstəriciləridir. Lap elə bu sonuncu parlament seçkilərində siyasi partiyaların iştirakı artıq deməyə əsas verir ki, siyasi fəallığın yeni bir çaları özünü göstərməkdədir. İndiyə qədər siyasi partiyalar partiya olaraq bələdiyyə seçkilərində o qədər də fəallıq göstərmirdilər. Hətta ayrılıqda partiya kimi seçkilərə qatılmaq faktı belə yox idi. Amma sonuncu bələdiyyə seçkilərində, yanvarın 29-da biz artıq siyasi partiyaların, hətta partiyalar ittifaqlarının da bələdiyyə seçkilərinə qatıldığını gördük. Bu da cəmiyyətin siyasi mədəniyyət səviyyəsinin yüksəldiyini göstərən amillərdən biridir. 
Bir sözlə, insanların hüquq və azadlıqlarının səviyyəsi,  sosial, siyasi və siyasi mədəniyyət səviyyəsi bir-birindən ayrılmaz sürətdə bağlı məsələlərdir. 
İnsanların hüquq və azadlıqları yüksək səviyyədə qorunmasa, icrası təşkil olunmasa, o cəmiyyətdə sosial, siyasi fəallıq tələb etmək, yersizdir".

Röyalə Xəyal

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31